...

İdarə müdiri: I sinfə elektron qəbul sistemi neqativləri tam aradan qaldırmır

Cəmiyyət Materials 14 Sentyabr 2016 18:58 (UTC +04:00)
Əhalinin rahat istifadəsi üçün yaradılan, eyni zamanda, təhsil sisteminin özü üçün də bir çox üstünlüklərə malik olan elektron qəbul sistemi birinci sinfə qəbul prosesindəki neqativləri tam aradan qaldırmağa imkan vermir
İdarə müdiri: I sinfə elektron qəbul sistemi neqativləri tam aradan qaldırmır

Bakı. İlhamə İsabalayeva-Trend:

"Təəssüf hissi ilə bildirirəm ki, əhalinin rahat istifadəsi üçün yaradılan, eyni zamanda, təhsil sisteminin özü üçün də bir çox üstünlüklərə malik olan elektron qəbul sistemi birinci sinfə qəbul prosesindəki neqativləri tam aradan qaldırmağa imkan vermir".

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1-ci sinfə qəbul prosesinin yerlərdə qeyri-şəffaf keçirilməsi, xüsusilə uşaqların siniflər üzrə komplektləşdirilməsi prosesində məktəb rəhbərliyinin, bəzi hallarda hətta müəllimlərin valideynlərdən istifadə etməsi ilə bağlı narazılıqlar var.

M.Vəliyeva bildirib ki, 2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını bitirərək 1-ci sinfə sertifikatla qəbul olan 6 yaşı tamam olmuş uşaqların sayı ötən tədris ili ilə müqayisədə 8,9 faiz, 6 yaşı tamam olmayıb 1-ci sinfə sertifikatla qəbul olan uşaqların sayı 47,6 faiz artıb. Bu il ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə 45781 uşaq qəbul olub. Bu il 1-ci sinfə qəbul olunanların 88 nəfəri 8 yaşdan yuxarı olan uşaqlardır.

M.Vəliyeva qeyd edib ki, aparılan təhlillərə görə, ən ciddi problemlərdən biri bəzi hallarda ibtidai sinif müəllimlərinin uşaqlar qarşısında məktəbəhazırlıq proqramının tələblərindən artıq tələblər qoymasıdır. Onun fikrincə,problemin həlli yollarından biri müəllimlərin əlavə təlimlərə cəlb olunmasıdırsa, ikinci həll yolu proqramın yerinə yetirməsinə nəzarətin ciddi şəkildə artırılmasıdır.

M.Vəliyeva qeyd edib ki, təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır. Onun sözlərinə görə, nəzərə çarpacaq səbəblər müəllimlərin keyfiyyətsiz dərs keçməsi, idarəetmədəki boşluqlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti