...

DİN-in əməliyyatçısı: "İçəri girən kimi Taleh Bağırovun dəstəsi atəş açdı"

Cəmiyyət Materials 3 Oktyabr 2016 17:31 (UTC +04:00)
Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
DİN-in əməliyyatçısı: "İçəri girən kimi Taleh Bağırovun dəstəsi atəş açdı"

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Mehman Teymurov həmin gün əməliyyat keçirildiyini bildirib:

"Kərim Əlimərdanovun rəhbərlik etdiyi qrup ilə Taleh Bağırovun yığışdığı evə getdik. Həyətə daxil olan 18-ci əməliyyatçı mən idim. İçəri girən kimi Taleh Bağırovun dəstəsi atəş açdı. Xəbərdarlıq elədik ki, atəşi dayandırsınlar, amma dayanmadılar. Biz də atəş açdıq. Bu vaxt Abbas Tağızadə üstümə gəldi. Əlində qumbara, beşbarmaq və "Kalaşnikov" markalı avtomat var idi. Qışqıra-qışqıra şüarlar səsləndirirdi. Mən də onu zərərsizləşdirdim. Mənəvi zərər çəkmişəm heç bir tələbim yoxdur".

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Oktyabrın 5-də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti