...

Komissiya sədri: O xəstələr ölkədən kənara göndərilir ki...

Cəmiyyət Materials 29 Noyabr 2016 16:30 (UTC +04:00)
Son 2 ildə Səhiyyə Nazirliyi Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə komissiyanın qərarı ilə xaricə göndərilən xəstələr qrup şəklində kurs müalicəsi alan xəstələrdir.
Komissiya sədri: O xəstələr ölkədən kənara göndərilir ki...

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə Komissiyanın qərarı ilə son 2 ildə xaricə göndərilən xəstələr qrup şəklində kurs müalicəsi alanlardır.

Trend-in məlumatına görə, bunu Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə Komissiyanın sədri Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, müalicə üçün xaricə göndərilən uşaqlar mərkəzi sinir sisteminin zədələnmələri, xüsusilə serebral iflic diaqnozu qoyulanlar olur.

N.Quliyev əlavə edib ki, belə uşaqlar qrup şəklində Türkiyədə fəaliyyət göstərən uşaq reabilitasiya mərkəzinə göndərilirlər.

Komissiya sədrinin sözlərinə görə, böyüklər arasında spinal, yəni onurğa beyni zədələnmiş xəstələr Krıma göndərilirdi. Lakin ora ilə yeni müqavilə olmadığından böyüklər hazırda Türkiyəyə göndərilirlər.

N.Quliyev qeyd edib ki, Azərbaycanda xəstələrin ölkədən kənara göndərilməsinə heç bir obyektiv tibbi göstəriş yoxdur. Çünki Azərbaycanda ürəyin köçürülməsi əməliyyatından başqa bütün xəstəliklər üzrə müayinə və müalicələr aparılır: “Komissiyanın əsasnaməsində yazılıb ki, obyektiv səbəbdən konkret xəstəliyin ölkə daxilində müalicəsi mövcud deyilsə, həmin xəstəni ölkədən kənarda müalicəyə göndərə bilərik. Ancaq bəzən insanlarda irsi xəstəlik olur və onun müalicəsinin xaricdə aparılması üçün müraciət edirlər. Amma unutmaq lazım deyil ki, irsi xəstəlik genlə ötürülür. Xəstəlik irsidirsə, onu müalicə etmək olmur. Komissiyanın problemləri orqan köçürmələri ilə bağlı olur. Komissiyaya bəzən müraciət edirlər ki, müəyyən orqanların köçürülməsi ilə bağlı yardım edilsin. Amma əsasnaməyə əsasən üzvlərin və toxumaların transplantasiyası, köçürülməsi və protezləşdirilməsi komissiyanın səlahiyyətinə aid deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti