...

Xətai rayonunda Heydər Əliyevin anım tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2016 18:30 (UTC +04:00)
Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində də ümummilli lider Heydər Əliyevin tarixin ayrı-ayrı vaxtlarında üzərinə götürdüyü missiyalarından geniş bəhs olunub.
Xətai rayonunda Heydər Əliyevin anım tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində ümummilli lider Heydər Əliyevin tarixin ayrı-ayrı vaxtlarında üzərinə götürdüyü missiyalarından geniş bəhs olunub.

Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə Xətai rayonu ərazisində ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək onun abidəsi önünə qızılgül dəstələri düzüblər.

Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbiri ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı sədrinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə xalqına xidməti fəaliyyətinin əsas istiqaməti seçib. Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirmək, xalqın rifah halını daha da yaxşılaşdırmaq Ümummilli Liderin əsas amalı idi. İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi də hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

R.Məmmədov qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının düşüncəsində ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsasını qoyan dahi bir şəxsiyyət kimi dərk olunur. Azərbaycanın uğurları, reallıqları, bütövlükdə qarşımızda açılan geniş perspektivlər bilavasitə ümummilli lider Heydər Əliyevin xidmətlərinin, müdrikliyinin və onun müəyyənləşdirdiyi siyasətin nəticəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə geniş yol açır.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, dünyanın hansı tərəfindən nəzər salsaq ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəmzi kimi görünür. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusudur. Ümummilli Lider özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

H.Mirələmov vurğulayıb ki, Heydər Əliyev haqqında bəhs edərkən ümummilli lider ifadəsini tez-tez səsləndiririk. Ümummilli lider anlayışının ilkin nəzəri-fəlsəfi izahını belə təqdim edə bilərik ki, ölkəsinin vahid inkişaf yolunu müəyyən etmək, xalqını qalibiyyətli bir gələcəyə aparmaq qüdrəti ümummilli liderin xarakterinin ana xəttini təşkil edir. Dahi şəxsiyyət Heydər Əliyev fəaliyyəti, xidmətləri, Azərbaycanın inkişafına verdiyi töhfələri ilə xalqının ümummilli liderinə çevrilib.

Deputat bir tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini əhatə etməyin mümkünsüzlüyünü bildirib. Söyləyib ki, Azərbaycan bu gün Heydər Əliyev yolu ilə inamla irəliləyir, cənab İlham Əliyevin rəhbərliyi altında biri-birindən əhəmiyyətli uğurlara imza atır.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir. Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən saatlarla, günlərlə, aylarla danışmaq olar.

Ulu öndər Heydər Əliyev özünün müdrik siyasəti nəticəsində Azərbaycanın gələcək, yeni dövrün tələblərinə uyğun olaraq inkişafı üçün konseptual islahatlar həyata keçirilməsi strategiyasını hazırlayıb. Həmin islahatlar bütün sahələri əhatə etməklə yeni, müasir Azərbaycanın ilk konturlarını müəyyənləşdirib, bu konsepsiyaya uyğun şəkildə siyasət həyata keçirilməyə başlayıb. Ulu Öndərin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yer tutub. Beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni imkanlar qazanıb.

V.Rəhimzadə vurğulayıb ki, möhkəm təməl uğurların davamlılığında əsasdır: "Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın bugünkü uğurlarının bazasını formalaşdırdı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə nəticəsində iqtisadi imkanlarını artıran Azərbaycanın siyasi mövqeyi möhkəmləndi. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.
V.Rəhimzadə ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən bu gün sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etdi. Vurğuladı ki, tarixinə biri-birindən əhəmiyyətli uğurlarla zəngin səhifələr yazan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini şərtləndirən əsas amillər Heydər Əliyev ideyalarına sədaqət, onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə dəstəkdir. Ulu öndər Heydər Əliyevin fikirləri ilə desək, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli ulu öndər Heydər Əliyevin xidmətləri sırasında qadın siyasətindən geniş bəhs edib. Bildirib ki, qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ulu öndər Heydər Əliyevi daim düşündürən məsələ olub və bu istiqamətdə mühüm addımlar atıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların dövlət idarəçiliyində irəli çəkilməsinə verilən önəm məhz bu siyasətdən qaynaqlanır.

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısından bəhs edib. Bildirib ki, əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü: "Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi. Bu günümüzün reallıqlarına nəzər saldıqda ulu öndər Heydər Əliyevin həmin dövrdə proqram xarakterli çıxışlarında əksini tapan bütün vəzifələrin uğurla həyata keçirildiyinin şahidi oluruq".

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti