...

Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzindəki reabilitasiya şəraiti ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2017 14:45 (UTC +04:00)
Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzində yaradılmış müasir reabilitasiya şəraiti ilə tanış olublar.
Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzindəki reabilitasiya şəraiti ilə tanış olublar  (FOTO)

Bakı. Trend:

Ölkəmizdə əliliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan fəal dövlət siyasəti həmin insanlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi ilə müşahidə edilir. Bu sahədə görülən işlərlə əyani tanış olmaq üçün bir qrup əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində olub.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mərkəzlə tanışlıq zamanı bildirilib ki, əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun qurulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindəndir. Əsaslı təmir və yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi, habelə 2016-cı ilin dekabr ayında istifadəyə verilən Uşaq Bərpa Mərkəzi, bu müəssisələrdə dünyanın qabaqcıl təcrübəsi əsasında səmərəli bərpa-müalicə şəraitinin yaradılması bunun real təcəssümüdür. 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində ən yüksək standartların tətbiq edildiyi Respublika Əlillərin Bərpa Mərkəzində 2016-cı il ərzində 1756 nəfərə əlilliyi olan şəxsə ən müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilib.

Qeyd olunub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin bütün bölgələri üzrə 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi müvafiq şəxslərin istifadəsindədir. Görülən işlərin davamı kimi, ötən il həmin müəssisələr tərəfindən 23,3 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 32,8 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslər Respublika Əlillərin Bərpa Mərkəzində fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri, müasir avadanlıq və qurğularla təchiz edilmiş böyük idman zalı, əlavə məşğələ otaqları ilə yaxından tanış olublar. Burada kompleks tibbi, sosial və peşə reabilitasiyası, əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən bərpa-müalicə prosedurları barədə onlara məlumat verilib. Müalicəvi vannalar, hovuz, müxtəlif duşlar, şarko sirkulyator, müasir fizioterapiya və kineterapiya aparatları, müalicəvi bədən tərbiyəsi və s. vasitəsilə aparılan reabilitasiya işləri nəzərdən keçirilib. Burada bərpa xidmətləri ilə təmin olunan əlilliyi olan şəxslər ölkəmizdə yaradılan belə bir reabilitasiya şəraitindən, mərkəzdə qabaqcıl təcrübələr əsasında və müasir avadanlıqlardan istifadə edilməklə tətbiq olunan reabilitasiya metodlarından razı qaldıqlarını vurğulayıblar.

Mərkəzlə tanış olan əlilliyi olan şəxslər burada gördükləri ilə bağlı təəssüratlarını bölüşüb, eləcə də təkliflərini ifadə ediblər. Reabilitasiya sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti