...

BNA sərnişinin avtobusdan yıxılıb ölməsinə münasibət bildirdi

Cəmiyyət Materials 31 May 2017 09:44 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişinin avtobusdan yıxılıb ölməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
BNA sərnişinin avtobusdan yıxılıb ölməsinə münasibət bildirdi

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişinin avtobusdan yıxılıb ölməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, may ayının 28-də 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin - paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında BNA-da araşdırma aparılıb.

81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavanşir Məmmədov BNA-ya çağırılıb və izahatları alınıb:

"İzahatlara əsasən sərnişin C.Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili-tibbi yardıma məlumat verib və sərnişin xəstəxanaya çatdırılıb. Sürücü C.Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Avtobus hərəkətdə olarkən qapılar bağlı vəziyyətdə olub".

M.Ağayev deyib ki, hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti