...

Zapaşnı qardaşlarının super texnologiyalarla inanılmaz şousu (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2017 14:28 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Böyük Moskva Sirkinin bədii rəhbəri, Rusiyanın xalq artisti Askold Zapaşnı və tanınmış janqlyor, Ginnesin Rekordlar Kitabının rekordçusu Rudolf Levitskinin mətbuat konfransı keçirilib.
Zapaşnı qardaşlarının super texnologiyalarla inanılmaz şousu (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Böyük Moskva Sirkinin bədii rəhbəri, Rusiyanın xalq artisti Askold Zapaşnı və tanınmış janqlyor, Ginnesin Rekordlar Kitabının rekordçusu Rudolf Levitskinin mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, mətbuat konfransı Heydər Əliyev adına İdman Arenasında Zapaşnı qardaşlarının rəhbərliyi altında Böyük Moskva Sirkinin (Avropada ən böyük stasionar sirk) təqdim edəcəyi fantastik UFO şousuna həsr olunub.

Layihənin piar-direktoru Cəmilə Məmmədova mətbuat konfransını giriş sözü ilə açaraq bildirib ki, belə fantastik şou Bakıda ilk dəfə təqdim ediləcək və ölkə həyatında parlaq hadisəyə çevriləcək.

Onun sözlərinə görə, Zapaşnı qardaşlarının rəhbərliyi altında Böyük Moskva Dövlət Sirkinin 80 artisti tamaşada iştirak edəcək: "UFO dünyada ən böyük sirk şoularından biridir. Bakı tamaşaçısına ilk dəfə olaraq nadir işıq, lazer və səs effektləri, insan bacarığının son həddi sayıla bilən inanılmaz tryuklar, dinamik dekorasiyaların ən yeni texnologiyaları ilə birlikdə fantastik sirk şousu nümayiş etdiriləcək".

A.Zapaşnı qarşıdakı şou və möhtəşəm tamaşanın süjeti barədə bəhs edərək qeyd edib ki, tamaşada heyvanlar yer almayacaq: "Şouda unikal imkanları olan artistlər iştirak edirlər. Onların arasında boylarının hündürlüyü iki metri ötən Titçenkova bacıları, ayaqsız rəqqas və nadir tryuklar göstərən kəndirbaz, habelə yalnız bu sirk şousunda görəcəyiniz bir çoxları var. Fantastik sirk şousunun tamaşaçılarını macəra, sirkin qübbəsi altında kosmik gəmilərin və naməlum uçan obyektlərin həyəcanlı uçuşları, sirli varlıqlarla görüşlər, akrobatlar, gimnastlar, jonqlyorlar, klounlar və digər artistlərin ifasında "qeyri-insani bacarıqların" ən son həddi sayıla bilən sirk nömrələri gözləyir".

UFO-nun süjeti kosmik boşqabın göyərtəsində cərəyan edir. Uzaq qalaktikaların sakinləri tərəfindən oğurlanmış Yer planetindən olan İnsan gəlmələrin gəmisində istəmədən qonaq olur. Əsir gəmiyə düşəndə yadplanetli zəkası və dünyadan kənar sivilizasiya ilə tanış olaraq özü üçün kainatımızın gizli dərinliklərini kəşf edir. Yeni UFO sirk şousunda "planet obrazları", "qalaktika mənzərələri", "kosmik uçuşlar" və "dünyadan kənar gözəllik" kimi dərin geniş hisslər yaradan müəllif musiqisi, müasir işıq və lazer installyasiyaları, yeni səs və video texnologiyaları və daha bir çox şey təqdim olunacaq.

A.Zapaşnı, həmçinin Azərbaycan paytaxtına heyran olduğunu vurğulayıb: "Biz yalnız səhər Bakıya gəldik və görə bildiklərimiz bizi məftun etdi - qədim memarlıq və ultramüasir binalar, təmiz küçələr və azərbaycanlıların qonaqpərvərliyi ancaq parlaq hisslər buraxdı. Məlum olduğu kimi, Azərbaycan idman ölkəsidir və burada çoxlu beynəlxalq əhəmiyyətli yarışlar keçirilir. Biz sirk artistləri üçün bu, çox vacibdir, belə ki, bu dünyadan olan bir çoxları həyatlarını bu sənətlə bağlamış peşəkar idmançılardır. Möhtəşəm Olimpiya Stadionu və Milli Gimnastika Arenası, idmançılar üçün müasir atletlər kəndi, digər obyektlər bizi heyrətləndirdi. Bura yenidən qayıtmağa və sizin gözəl ölkənizi daha çox tanımağa ümid edirik".

Şounun baş qəhrəmanlarından biri olan tanınmış jonqlyor, Ginnesin Rekordlar Kitabının rekordçusu, idman jonqlyorluğu üzrə Rusiya çempionu, Moskvada V Ümumdünya Sirk Sənəti Festivalının bürünc mükafatının və Amerika Jonqlyorlar Assosiasiyasının qızıl mükafatının sahibi R.Levitski də Bakıya və milli mətbəxə heyran qaldığını bildirib. Jonqlyor elə mətbuat-konfransında improvizə edilmiş şou düzəldərək jurnalistlərə öz nömrələrindən birini göstərib.

A.Zapaşnı və R.Levitski jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Biletləri şəhərin bütün kassalarında, "Asan Xidmət" mərkəzlərində və onlayn www.iTicket.az saytında əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti