...

İsa Həbibbəyli: AMEA qeyri-effektiv qurumların yaradılmasına tərəfdar deyil

Cəmiyyət Materials 5 Yanvar 2018 21:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi institutların yersiz birləşdirmələrinə, süni şəkildə olan, effekt verməyən qurumların yaranmasına tərəfdar deyil.
İsa Həbibbəyli: AMEA qeyri-effektiv qurumların yaradılmasına tərəfdar deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi institutların yersiz birləşdirilməsinə, qeyr-effektiv qurumların yaradılmasına tərəfdar deyil.

Bunu Trend-ə AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, ötən 3-4 il ərzində AMEA-da ciddi struktur islahatları aparılıb, akademiyanın mövcud ştat bazası və mülkiyyəti əsasında bir neçə yeni elmi tədqiqat institutu yaradılıb.

İ.Həbibbəyli qeyd edib ki, ötən müddətdə İctimai və Humanitar Elmlər Bölməsi üzrə 2 institut - Qafqazşünaslıq İnstitutu və Elm Tarixi İnstitutu yaradılıb. Bundan başqa, Biologiya və Tibb Elmləri Bölməsi üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə Biofizika İnstitutu yaradılıb. Bu institutlar çox səmərəli şəkildə fəaliyyət göstərir:

"Akademiya hansı sahədə yeniləşməyə ehtiyac duyubsa, orada islahatlar aparıb. Kosmetik yerdəyişmələrdən uzaq olmaq şərti ilə, reallıqları nəzərə almaqla yeni strukturlar yaradılıb. Bundan sonra da bu proses davam edə bilər. Amma bu halda AMEA-nın rəhbərliyi kosmetik yanaşmalara, yersiz birləşdirmələrə, süni şəkildə olan, effekt verməyən qurumların yaranmasına tərəfdar deyil. Akademiyanın prezidenti Akif Əlizadə və AMEA-nın Rəyasət Heyəti reallıqlardan çıxış edərək ehtiyac olduğu halda belə məsələləri qaldırır və buna nail olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti