Bakı. Trend:
Aktau şəhərindəki Azərbaycanın Baş konsulluğu, D.Nurpeisova adına Uralski şəhəri Uşaq İncəsənət məktəbi ilə birgə Qazaxıstanın Qərbi Qazaxıstan vilayətində İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Biz Ədalət tələb edirik” adlı rəsm müsabiqəsi elan edib.
Baş konsulluqdan Trend-ə verilən məlumata görə, rəsm müsabiqəsində Qərbi Qazaxıstan vilayətində fəaliyyət göstərən 10-a yaxın rəsm və incəsənət məktəblərindən uşaq və yeniyetmələr iştirak edəcək.
Müsabiqənin yekununda 7-10, 11-14 və 15-17 yaşlılar arasında I, II və III yerlərə və müsabiqənin qran-pri mükafatına layiq görülənlər müəyyənləşdiriləcək. Qaliblər Baş konsulluğun fəxri fərmanları ilə təltif olunacaq.
Qeyd edək ki, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində 2016-cı ildə Manqistau vilayətində, 2017-ci ildə Atırau vilayətində “Biz Ədalət tələb edirik” rəsm müsabiqələri təşkil olunub.