...

Komissiya üzvü: Son 10 ildə Azərbaycanda böyrəklərin alqı-satqısı olmayıb

Cəmiyyət Materials 9 Mart 2018 17:01 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

Son 10 il ərzində Azərbaycanda böyrəklərin alqı-satqısı halı qeydə alınmayıb. Mən bunu tam qətiyyətlə deyirəm.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi” komissiyasının üzvü, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayev bildirib: "Azərbaycan vətəndaşları başqa ölkələrdə - Pakistanda, İranda, Türkiyədə yazılı izahat verməklə öz böyrəklərini könüllü olaraq kiməsə vermək üçün əməliyyat aparıblar. Lakin son 10 ildə Azərbaycanda belə hal olmayıb. Camaat bu barədə danışsa da, bunların heç bir əsası yoxdur. Çünki Azərbaycanda transplantasiya üçün qohum olmayan şəxslərin böyrəyindən istifadə olunmur. Heç bir tibbi mərkəzdə belə bir əməliyyat aparılmayıb".

Səhiyyə Nazirliyinin sektor müdiri Elxan Əzizovun orqan transplantasiyası üçün orqanların alqı-satqısına qanuni şəkildə icazənin verilməsi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirən F.Babayev deyib ki, bu təklif insanların sağlamlığına yönəlib. Amma bununla bağlı prosedurun hüquqi bazası olmadığı üçün müəyyən neqativ hallar baş verə bilər: "Aydın məsələdir ki, həkimin işi böyrəkköçürmə əməliyyatını icra etməkdir. Bu prosedurun sosial və hüquqi bazası mütəxəssislər tərəfindən hazırlanmalıdır".

F.Babayev onu da əlavə edib ki, bu günə qədər 758 xəstəyə böyrək köçürülüb. Keçən il isə 78 xəstəyə bu əməliyyat icra olunub.

Komissiya üzvü qeyd edib ki, qanunvericiliyə əsasən, Azərbaycanda yalnız qohumlar xəstənin donoru ola bilir. Lakin ailə üzvlərinin də böyrəyinin xəstəyə uyğunlaşmama ehtimalı böyükdür. Müəyyən göstərişlər uyğun gəlmədiyi üçün xəstələrin əksəriyyətinə böyrəkköçürmə əməliyyatı etmək mümkün olmur.

Şöbə müdiri deyib ki, əsasən cavan xəstələrə və donoru qohum olan insanlara böyrəkköçürmə əməliyyatları aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə çıxış edərkən təklif etmişdi ki, transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyət götürülsün: “Biz bəlkə də transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürsək, yaxşı olar. Bu qanunda kriminal əməl kimi saxlanılıb. Burada şəxsin iradəsi əsas olmalıdır. Vətəndaşlar klinikalara gedirlər, donor qohum olmayanda klinikalar imtina edir. Bu halda Səhiyyə Nazirliyinə müraciət olunur. Elə insanlar var ki, qohumları donor olmaq istəmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti