...

Səyavuş Heydərov: Azərbaycan müxtəlif təzyiqlərə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib

Cəmiyyət Materials 9 Aprel 2018 13:52 (UTC +04:00)
Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir.
Səyavuş Heydərov: Azərbaycan müxtəlif təzyiqlərə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib

Bakı. Elçin Mehdiyev - Trend:

Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından nümunə olub. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Lakin qeyd olunmalıdır ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Yaşamaqda olduğumuz müasir gerçəklik gələcəyi proqnozlaşdırmadan, qlobal çağırışları qiymətləndirmədən uğurlu inkişafa nail olmağın qeyri-mümkünlüyünü diktə edir. Məhz belə bir şəraitdə dövlətin dayaqlarının güclü olması, idarəetmədə praqmatik, uzaqgörən, düşünülmüş və strateji siyasətin həyata keçirilməsi son dərəcə zərurətə çevrilib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitənin sədr müavini bildirib ki, Azərbaycana nəzər saldıqda bu zərurət daha qabarıq formada özünü büruzə verir. Bunu bir sıra amillərlə səciyyələndirmək mümkündür. Belə ki, Azərbaycan uğurlu inkişaf modelini tətbiq edən mütərəqqi yanaşmalara sahib olmaqla yanaşı, tarixinə və dəyərlərinə sadiq olan müsəlman ölkəsidir. Şübhəsiz ki, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən, ictimai-siyasi sabitliyi təmin etmiş, günü-gündən müasirləşən və nüfuzu artan bir müsəlman ölkəsini istəməyən qüvvələr də az deyil. Belə ki, Azərbaycanın öz multikultural dəyərləri ilə dünyada islamofobiya adı altında müsəlman ölkələrinə yönəlmiş tənqid və etirazları puça çıxarması ölkəmizə qarşı təhdid və təzyiqlərin daha da artması ilə nəticələnib. Təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi İslam ölkələri daxilində də bu məkrli niyyətlərə dəstək verən qüvvələr mövcuddur.

Olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə olunur. Bu kontekstdə ən önəmli amillərdən biri də dini təhlükəsizlik məsələsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri məhz dini təhlükəsizlikdir. Qeyd edilən fenomen İslam ölkələri baxımından daha da aktualdır. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən bəhs etmək olar. Sistemləşdirərək deyə bilərik ki, dini təhlükəsizlik milli təhlükəsizliyin başlıca tərkib hissəsidir. Azərbaycan mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir.

Yuxarıda qeyd edilənlərə əsaslanaraq perspektivdə təhlükə və təhdidlərin artan xətlə və daha aqressiv şəkildə inkişaf edəcəyi şübhə doğurmur. Başda erməni lobbisi olmaqla ölkəmizə qarşı məkrli niyyətləri olan qlobal güclər antimilli qüvvələrlə birləşərək güclənən dövlətimizə qarşı siyasi, dini və digər mövqelərdən davamlı şəkildə təxribat xarakterli çirkin kampaniyalar aparırlar. Azərbaycanın nüfuzu, iqtisadi uğurları artdıqca bütün sahələr üzrə bu tipli kampaniyalar daha da arta bilər. Belə olan şəraitdə ölkəmizin xüsusilə təhlükəsizlik sahəsində çevik, dəqiq, operativ və balanslaşdırılmış siyasətə ehtiyacı əvvəlki illərə nisbətdə daha çoxdur. Aparılan təhlillər, dünya ölkələrinin praktik təcrübəsi onu göstərir ki, sadalanan təhdid və təhlükələrlə mübarizə aparmaq və bu mübarizədə nəticə əldə etmək üçün güclü dövlət - güclü rəhbər tandemi birinci şərtdir. Möhkəm siyasi iradə, qətiyyətli mövqe, xalqla birlik, analitik təfəkkür, beynəlxalq nüfuz, gələcəyə dair mütərəqqi baxış və idarəçilik təcrübəsi lider-rəhbər portretinin başlıca komponentləridir. Əgər güclü dövlət-güclü rəhbər tandemi pozularsa, böyük zəhmət nəticəsində əldə edilmiş ictimai-siyasi sabitlik, ümumilikdə milli təhlükəsizliyimiz, habelə ölkəmizin rifahı və uğurlu gələcəyi qlobal təhdidlər və təhlükələrlə üzləşə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti