...

ETSN: Azərbaycanda insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır

Cəmiyyət Materials 3 May 2018 15:13 (UTC +04:00)
Azərbaycanda insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır.
ETSN: Azərbaycanda insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır.

Bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, sürüşmənin baş verməsinin əsas səbəblərindən biri əhalinin həmin yerlərdə məskunlaşmasıdır:

“Məsələn, Abşeron rayonunun hazırda "Nübar" qəsəbəsi adlanan ərazisində bir necə il əvvəl evlər yox idi, onda ərazidə heç sürüşmə də yox idi. Əhalinin məskunlaşması birbaşa olaraq, insanın təbiətə müdaxiləsini artırır. İnsan məskunlaşdıqda ev tikmək üçün yamacı kəsir, kanalizasiya şəbəkəsi olmadığı üçün istifadə olunan çirkab sularını əraziyə axıdır. Buna görə də insanların təbiətə müdaxiləsi sürüşmə sahələrinin sayını artırır”.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda nisbi aktivliyin davam etdiyi Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə insanlar yaşayır.

R.Həsənov qeyd edib ki, yalnız Bakıda deyil, rayonlarda da insanların dağətəyi ərazilərdə məskunlaşması bu ərazilərdə sürüşmə prosesinin yaranmasına səbəb olur:

“Bu, o demək deyil ki, bütün dağətəyi ərazilərdə insanlar məskunlaşdıqda sürüşmə hadisələri baş verir. Azərbaycanda o qədər dağətəyi ərazidə insanlar yaşayır ki! Ancaq həmin ərazilərin geoloji şəraitinə görə orada sürüşmə baş verə bilməz. Sürüşməyə həssas olan ərazilərdə sürüşmə prosesinin baş verməsinə təsir edən amillər - süxurların yatım istiqaməti, ərazinin geoloji xüsusiyyətləri və s. insan müdaxiləsi amili ilə birləşdikdə sürüşmə baş verə bilər”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Bakıda 150 mindən çox əhalinin məskunlaşdığı ərazidə böyük sürüşmə sahələri var:

"Əhmədli şosesində, Zığ şosesində, Binəqədidə, Bayılda, Badamdarda, Masazır gölünün ətrafında ümumilikdə Bakıda təxminən 20 yerdə böyük sürüşmə sahəsi var ki, orada 150 mindən çox əhali yaşayır. Bakıda sürüşmə qeydə alınmayan, amma sürüşməyə meyilli sahələr 10-15 dərəcə maili olan dənizkənarı dik ərazilərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti