Bakı. Trend:
Mayın 3-də Bakıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən “Əqli mülkiyyətə hörmətin aşılanması” mövzusunda öz işinə başlamış sub-regional seminar bu gün də öz işini davam etdirir.
Trend-in məlumatına görə, tədbirə Azərbaycan Ali Məhkəməsi, Bakı, Gəncə, Şirvan, Sumqayıt şəhər Apellyasiya məhkəmələrinin, Bakı, Sumqayıt, Gəncə, Şəki İnzibati-İqtisadi məhkəmələrinin 20 nəfər hakimi, Azərbaycan Vəkillər Kollegiyasının 22 vəkili, Dövlət Gömrük Komitəsinin 20 əməkdaşı, İnsan hüquqları üzrə müvəkkildən (ombudsman), Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərindən və digər təşkilatlardan 100 nəfər iştirakçı qatılıb.
Həmçinin sub-regional seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatından, Almaniya, Ukrayna, Belarus, Moldova və Türkmənistandan iştirak edən mühazirəçilərlə yanaşı, yerli mühazirəçilər də iştirak edirlər.
Tədbirin proqramı çərçivəsində mühazirəçilər tərəfindən ÜƏMT xidmətlərinə ümumi baxış, əqli mülkiyyət hüquqlarının təminatına balanslaşdırılmış yanaşma: əqli mülkiyyətə hörmətin aşılanması, əqli mülkiyyət cinayət hüququ təminatı və ictimai maraq, əmtəə nişanlarının kontrafaktı və müəllif hüquqları piratçılığı, əqli mülkiyyət hüquqlarının təminatı – hüquqi çərçivə və tətbiq – ölkə üzrə hesabatlar, Azərbaycanın qanunvericiliyi çərçivəsində müxtəlif əqli mülkiyyət hüquqlarına ümumi baxış, əqli mülkiyyət təminatının hüquqi çərçivəsində kontrafaktçılıq və piratçılığın əhatə dairəsi, sərhəd təminatı, əqli mülkiyyət cinayətinin təhqiqatı: ticari miqyas, inadcıllıq və əsaslı şübhə, İstehlakçı davranışları və qavrayışları – əqli mülkiyyətə hörmətin aşılanmasının bir hissəsi kimi məlumatlılığın artırılması, əqli mülkiyyəthüquqlarını pozan əmtəələrin ədalətli şəkildə aradan qaldırılması, mülki və cinayət işlərində əqli mülkiyyət pozuntularının sübutları, mülki-hüquqi vasitələr: məhkəmə qərarları və zərərlər, əmtəə nişanları və müəllif hüquqları qanunları üzrə məhkəmə təcrübəsində inkişaflar, rəqəmsal mühitdə əqli mülkiyyət hüquqlarının təminatı və s. mövzular üzrə mühazirələr dinlənilir.