Bakı. Trend:
Beynəlxalq gənclər təşkilatı olan AIESEC Azərbaycan ən böyük tədbirini – "Youth Speak Forum"unu uğurla yekunlaşdırıb.
Trend-in məlumatına görə, forum Pullman Otelində baş tutub.
Youth Speak Forumu Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM barədə məlumatlandırmaq və agah etmək məqsədi daşıyan vasitələrdən biridir. Forum Azərbaycanın dövlət, ictimai və korporativ sektorlarının aparıcı şirkətlərindən yüksək ixtisaslı mütəxəssislər, natiqlər və Azərbaycan gənclərini bir araya toplamaqla, onları bir sıra müzakirələrə, fikir mübadiləsinə, seminarların keçirilməsinə və komanda işinə yönəldilmiş tədbirdir.
Forumun açılış mərasimində BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsi Qulam İsakzai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, "EY Azərbaycan"ın İnsan Resursları departamentinin rəhbəri Samira Şabanova və Forumun rəsmi qonağı olan Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş üzrə rəhbəri Fuad Babayev AIESEC Azərbaycan təşkilatının gənclər arasında fəal iştirakından bəhs ediblər. Bundan əlavə, AIESEC Azərbaycan təşkilatının sədri Aminə Məlikova və forumun layihə rəhbəri Elmira Allahverdiyeva bütün iştirakçılara dərin minnətdarlıqlarını bildiriblər və onlara səmərəli bir forum arzulayıblar.
"Youth Speak Forum"u hər il olduğu kimi bu ildə, üç müxtəlif Davamlı İnkişaf Məqsədləri üzrə: "Gender bərabərliyi", "Layiqli əmək və iqtisadi artım" və "Sənaye, İnnovasiya və İnfrastruktur" mövzularında interaktiv seminarlar ilə davam edib. Forumun məruzəçiləri keçirilimiş seminarlarda növbəti mövzular üzrə çıxış ediblər: "Best Solutions" şirkətinin icraçı direktoru Yana Krimpe tərəfindən ""Azərbaycanda rəqəmsal vətandaşlığın və innovativ ekosistemin yaradılmasının və dəstəklənməsinin təmin olunmasında biznes və hökümət qurumlarının rolu", Azərsun Holdinq-in Təlim və İnkişaf meneceri Elçin Əzimli tərəfindən "Xəyallarınızdaki iş üçün ideal namizəd olmağın yolları", “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin icraçı direktoru Ələkbər Mustafayev tərəfindən "İnnovativ start-uplar qurmağın yolları"; Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin Gender Bərabərliyi üzrə mütəxəssisi və Bakı Dövlət Universitetinin məruzəçisi Zümrüd Cəlilova tərəfindən "Müasir Cəmiyyətdə Gender Bərabərliyi", TalentPort şirkətinin icraçı direktoru Nazənin Cavadova tərəfindən " “Gənclərin işə alınması və karyerada ilk addımları ", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin rəhbəri Taliya İbrahimova tərəfindən "Gender bərabərliyi- Firavan ailənin təməli kimi".
Forumun son hissəsində iştirakcılar öz sosial layihələrini yaradaraq və onları təqdim edərək müsabiqədə iştirak etmək şansı əldə ediblər. Layihə Təqdimatında münsiflər heyəti tərəfindən seçilərək qalib olan komanda üzvləri AIESEC Azərbaycanın xaricdə keçirilən 6 həftəlik təcrübə proqramı ilə təmənnasız təmin olunublar.
AIESEC Azərbaycan təşkilatı dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Yüksək Texnologiyalar Parkına öz dərin minnətdarlığını bildirir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az