...

Yaşar Bəşirov: Xəzər və Qara dəniz ölkələri arasında karate turnirinin ənənəvi hala çevrilməsini istəyirik

Cəmiyyət Materials 21 İyun 2018 20:30 (UTC +04:00)
Azərbaycan Milli Karate Federasiyası Xəzər və Qara dəniz ölkələri arasında Karate üzrə Beynəlxalq Turniri hər il ənənəvi olaraq keçirməyi planlaşdırır.
Yaşar Bəşirov: Xəzər və Qara dəniz ölkələri arasında karate turnirinin ənənəvi hala çevrilməsini istəyirik

Bakı. Trend:

Azərbaycan Milli Karate Federasiyası Xəzər və Qara dəniz ölkələri arasında Karate üzrə Beynəlxalq Turniri hər il ənənəvi olaraq keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov turnirin açılış mərasimində deyib.

Y.Bəşirovun sözlərinə görə, ilk olaraq bu turnir ötən il Sumqayıtda keçirilib və Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr edilib:

"Turnir ardıcıl ikinci ildir ki, yüksək səviyyədə təşkil olunur və biz hər il turnirin iştirakçılarının sayını artırmaq istəyirik".

Federasiya prezidenti həmçinin qeyd edib ki, bu il turnir Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi kimi əhəmiyyətli tarixlərlə eyni vaxta düşüb:

"Bu gün Azərbaycan dünyanın idman ölkələrindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev idmanın, o cümlədən karatenin inkişafına böyük töhfələr verib. 2015-ci il Avropa Oyunlarında karate 20 idman növündən biri oldu. Bir il sonra isə karate Olimpiya idman növü oldu".

Karate üzrə Beynəlxalq Turnir 21-23 iyunda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir.

Beynəlxalq turnirdə 10-a yaxın ölkənin nümayəndəsi iştirak edir. Turnirdə 5-13 yaş arasında uşaqlar, 14-18 yaşdan 30 yaşadək gənclər müxtəlif çəki dərəcəsində yarışacaqlar. Yarışın qalibləri Aqarunovun xatirəsinə həsr olunmuş xatirə medalları, kubok və diplomlarla mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti