...

“Azərxalça”nın məhsulları dünyanın nüfuzlu “Carpet XL” jurnalında (FOTO)

Cəmiyyət Materials 2 İyul 2018 16:55 (UTC +04:00)

Bakı. Trend:

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan xalçalarının dünyada satışının təşkil olunması məqsədilə mühüm tədbirlər həyata keçirir.

Səhmdar Cəmiyyətdən Trend-ə verilən məlumata görə, beynəlxalq xalça bazarı araşdırılır, bu sahə üzrə fəaliyyət göstərən şirkətlərlə əlaqələr yaradılır, "Azərxalça"nın məhsulları ənənəvi satış-sərgilərə çıxarılır, xalçalarımız haqqında nüfuzlu nəşrlərdə yazılar dərc etdirilir, onların reklamı təşkil olunur.

Bu tədbirlərin davamı kimi, dünyanın nüfuzlu xalça jurnallarından biri olan “Carpet XL”də “Azərxalça”nın məhsullarının reklamına başlanılıb. Jurnalın 2018-ci ildə nəşr edilmiş nömrələrində “Azərxalça”nın reklamına geniş yer verilib. Nəşrdə “Azərxalça”nın istehsalı olan məhsuların fotoşəkilləri ilə yanaşı, cəmiyyət haqqında məlumatlar da yerləşdirilib. Bu jurnalın oxucusu olan hər kəs əlaqə vasitələrindən istifadə edərək Cəmiyyətin məhsullarını əldə edə bilər.

Almaniyadakı “SN Verlag” Nəşr Evi tərəfindən ingilis və alman dillərində dərc olunan bu jurnal ildə 4 dəfə çıxır. Hamburqda işıq üzü görən jurnalın əsas oxucuları Amerika Birləşmiş Ştatları və Avropa ölkələrindəndir.

“Azərxalça” “Carpet XL” ilə əməkdaşlığı bu ilin əvvəlindən başlayıb. Daha çox biznes sektorunda yayılan bu jurnalda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki saylarında klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən bu jurnalın əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir.

Bu baxımdan belə bir jurnalda reklamın yerləşdirilməsi dünyada Azərbaycan xalçalarına olan marağı artıracaq, “Azərxalça”nın məhsullarına daha çox alıcı cəlb olunmasına stimul verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti