Bakı. Trend:
"ABŞ Təhsilli Azərbaycan Məzunları" ictimai birliyi Hilton hotelində Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin, o cümlədən: SOCAR AQŞ, Azercell, BP, Coca-Cola, Engin LTD, Azər Türk Bank, Azsığorta, Deloitte, EY, KPMG şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyi və Hilton Hotelinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Azərbaycan Biznes Keys Yarışması universitetlərin əsasən maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilir.
Müsabiqədə iştiraka 6 universitetdən: ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 16-ı yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsinə çıxıb. Müsabiqə zamanı komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Yarımfinal qalibi olan dörd komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış ediblər. Qalib 3 komanda ümumilikdə 10 000 AZN mükafat əldə ediblər (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).
Bu il 16 illiyini qeyd etmiş müsabiqə bu günə kimi 1200-dən çox istedadlı tələbələri cəlb edib. Azərbaycanda biznes keys təhlili təcrübəsinin azlığını nəzərə alan MBA Enterprise Corps təşkilatının könüllüləri tərəfindən 2002-ci ildə bu layihənin əsası qoyulub ve müsabiqənin keçirilməsinin hüququ2006-cı ildən etibarən ekskluziv olaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə (AAA) verilib. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb.