...

Sənətşünas alim, akademik Rasim Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2018 13:23 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley elmi sessiyası keçirilib.
Sənətşünas alim, akademik Rasim Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley elmi sessiyası keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli özünü Azərbaycanda incəsənət elminin inkişafına həsr edən alim R.Əfəndiyevin həyat yolundan danışıb.

Akademik belə yubiley tədbirlərinin keçirilməsinin alimlərin yaradıcılığına verilən dəyər kimi qiymətləndirib: "Əgər biz özümüzdən əvvəlkilərə qiymət verməsək, elmimiz də inkişaf etməz. Rasim müəllim kimi nəhəng alimlər bizim dayağımızdır. Belə alimlər sayəsində humanitar elmimiz inkişaf edir".

T.Kərimli qeyd edib ki, müstəqil Azərbaycanda humanitar elmin inkişafı ölkəmizə çox lazımdır: "Müasir dövrdə gənc nəsli qloballaşmanın mənfi təsirindən yalnız öz ədəbiyyatımız, sənətimiz, dilimiz qurtara bilər. Rasim müəllimin də əsərləri buna xidmət edir. Onun əsərləri yaşayırsa, deməli, özü də yaşayır".

AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə bildirib ki, R.Əfəndiyevin yaradıcılığı Azərbaycanın sənətşünaslıq elminin əsas mərhələlərindən birini təşkil edib. O, Azərbaycan sənətşünaslıq elminin banilərindən biri olub: "Rasim Əfəndiyev artıq 8 ildən çoxdur ki, aramızda yoxdur. Amma o, bizim aramızda fiziki olaraq yoxdur, mənəvi baxımdansa bizimlədir. Bizim aramızda öz elmi əsərləri ilə yaşayır. Rasim müəllim özündən sonra böyük məktəb qoyub. O, milli elmin inkişafına böyük töhfələr verib".

E.Salamzadə vurğulayıb ki, alim öz elmi baxışları ilə incəsənət elmini əhəmiyyətli dərəcədə zənginləşdirib, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin xarakterini genişləndirib.

O deyib ki, R.Əfəndiyev yalnız görkəmli alim deyil, həmçinin istedadlı elm təşkilatçısı kimi instituta 14 ildən çox rəhbərlik edib: "O, öz həyatını bu institutla bağlayıb, elmi fəaliyyətinin bütün səviyyələri ilə burada məşğul olub".

E.Salamzadə bildirib ki, R.Əfəndiyev dekorativ-tətbiqi sənətin tarixi üzrə böyük mütəxəssis olub. O, bütün ömrü boyu Azərbaycan dekorativ-tətbiqi sənətinin tarixini yaradıb: "Rasim Əfəndiyev 2004-cü ildə işıq üzü görmüş ingilis dilində "Art of Azerbaijan" adlı kitabında təkbaşına böyük elmi proqramı tamamlayıb. Bir ölkənin təkbaşına incəsənət tarixini yaradan olubmu? Bəli, olub. Amma belə şəxslərin sayı çox azdır. Rasim Əfəndiyev də buna nail olaraq belə bir fundamental əsər yaradıb. Akademikin xidmətləri dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilib".

Akademik Zemfira Səfərova isə çıxışında qeyd edib ki, R.Əfəndiyevin Azərbaycanda dekorativ-tətbiqi sənətin, ümumiyyətlə isə Azərbaycan mədəniyyətinin, elminin inkişafında böyük rolu olub. O, Azərbaycanın maddi mədəniyyətinin və xalq sənətinin müxtəlif sahələrinə həsr olunmuş 30-dan artıq kitabın, 200-dən çox məqalənin müəllifidir: "Alim milli sənətşünaslıq elminin banilərindən biri olsa da, onun Azərbaycan incəsənətinin, xüsusilə maddi mədəniyyətimizin ayrılmaz hissəsi olan milli dekorativ-tətbiqi sənətin dünyada təbliğ olunması yolunda böyük xidmətləri olub. Rasim Əfəndiyevin dünya muzeylərində və kolleksiyalarında mühafizə olunan milli dekorativ-tətbiqi sənət nümunələrinin üzə çıxarılmasında böyük əməyi olub. Lakin o, heç vaxt bunu qabartmazdı, öz işini təvazökarlıqla, səs-küysüz görərdi".

Z.Səfərova əlavə edib ki, R.Əfəndiyev öz tədqiqatlarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı nadir dekorativ-tətbiqi sənət nümunələrini hərtərəfli öyrənib. O, bu nümunələrin bədii dəyərini, tarixi baxımdan yerini müəyyən edib.

Memarlıq və İncəsənət İnstitutunun Təsviri, dekorativ-tətbiqi sənət və heraldika şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Sadıqova alimin sənətşünaslıq elmindəki fəaliyyəti, elmi əsərləri, incəsənət tarixinin zənginləşdirilməsində gördüyü işlər barədə danışıb. O, R.Əfəndiyevin Azərbaycan incəsənətinin ardıcıl tarixi mənzərəsinin təsisçilərindən biri olduğunu xüsusi vurğulayıb.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevil Sadıxova R.Əfəndiyevin onun elmi işlərinin rəhbəri olduğunu bildirib: "Mənim bu səviyyəyə gəlib çatmağımda Rasim müəllimin çox böyük xidmətləri olub. O, çox gözəl mütəxəssis olmaqla yanaşı, gözəl insan olub. Mən həm elmi sahədə, həm də karyeramla bağlı məsələlərdə həmişə onunla məsləhətləşmişəm. Həmişə onun xeyir-duaları ilə iş görmüşəm. Onun həyatdan getməsi çox böyük itki oldu".

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva isə R.Əfəndiyevin gözəl elm təşkilatçısı, qayğıkeş rəhbər olduğunu bildirib. O, R.Əfəndiyevin dərin araşdırmacı alim olduğunu da qeyd edib.

R.Əfəndiyevin oğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev bildirib ki, akademik elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyət də göstərib. O, Azərbaycanın mədəni həyatında böyük rol oynayan "Qobustan" jurnalında da çalışıb:

"Atam özünü həmişə incəsənət adamı sayıb. Amma özünü ilk növbədə rəssam kimi tanıtmaq istəyib. Bu, sənətşünaşlıqda gözəl bir haldır ki, rəssam olaraq sənətşünaslığın nəzəriyyəsi sahəsinə də gələsən".

T.Əfəndiyev sonda tədbirin təşkilinə görə AMEA Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti