Bakı. Elçin Mehdiyev - Trend:
2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 165 mindən çox uşaq birinci sinfə gedib
Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib.
Ötən il 33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub.
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş, 20 bürünc olmaqla ümumilikdə 29 medal qazanıb.
47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib
2018-2019-cu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.
ABŞ-ın Pitsburq şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində azərbaycanlı şagirdlərin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb.
Ötən tədris ilində internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziya və internat tipli gimnaziyalardan 9-cu sinif üzrə 964 nəfər, 11-ci sinif üzrə isə 549 nəfər məzun olub. 11-ci sinif üzrə məzunlardan 207 nəfər ali, 48 nəfər orta ixtisas, 23 nəfər isə peşə təhsili müəssisələrinə qəbul olunub. 9-cu sinif üzrə 964 nəfər məzundan 85 nəfəri orta ixtisas təhsili müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfər yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə YUNİSEF-lə birgə layihə çərçivəsində Bakı şəhərində 4 ümumtəhsil məktəbində 54 nəfər inklüziv təhsilə cəlb edilib.