...

İndoneziya səfiri: Çox şadam ki, bu gün sizin universiteti görmək şərəfinə nail olmuşam (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2019 12:30 (UTC +04:00)
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
İndoneziya səfiri: Çox şadam ki, bu gün sizin universiteti görmək şərəfinə nail olmuşam (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

AzMİU-dan Trend-ə verilən məlumata görə, görüşdə səfirin müavini, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib.

Qonaqları səmimi salamlayan rektor ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkə Prezidenti İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

G.Məmmədova AzMİU-nun tarixi, fakültə və ixtisasları barədə ümumi məlumat verib, universitetin beynəlxalq əlaqələrindən danışıb. Universitetdə 700-ə yaxın əcnəbi tələbənin oxuduğunu deyən rektor onların arasında İndoneziyadan olan gənclərin olmadığını bildirib. O, İndoneziya ali məktəbləri ilə əlaqələrin qurulmasında, müəllim-tələbə mübadiləsinin gerçəkləşməsində maraqlı olduğunu vurğulayıb.

“Çox şadam ki, bu gün sizin universiteti görmək şərəfinə nail olmuşam”, deyən səfir Hüsnan Bəy Fanani AzMİU-da olmaqdan, rektorla görüşdən məmnun olduğunu gizlətməyib. Müsəlman ölkəsi kimi İndoneziyanın Azərbaycanla əlaqələrinə hər zaman yüksək qiymət verdiyini deyən səfir ölkələrimiz arasındakı xoş münasibətlərin təhsil sahəsinə də təsir etməsinin vacibliyini qeyd edib. O, bu münasibətlərin daha çox memarlıq istiqamətində qurulmasının önəmli olduğunu və bunun üçün lazımı dəstəyi, köməkliyi edəcəyini vurğulayıb. Sonra səfir ölkəsinin tarixi, mədəniyyəti və sənaye sahələri, eləcə də ali təhsil ocaqları haqqında geniş məlumat verib. Bildirib ki, 270 milyona yaxın İndoneziyada hazırda 7000 universitet var. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduğunu bildirən Fanani ölkəmizin ona doğma olduğunu vurğulayıb, Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında danışıb, azərbaycanlı alimlərdən Seyid Yəhya Bakuvinin əsərlərinin İndoneziya universitetlərində tədris olunduğunu deyib. Səfir AzMİU tələbələri ilə görüşmək, onlara ölkəsinin tarixi, mədəniyyəti haqqında məlumat vermək istəyinin olduğunu da rektora bildirib.

Səmimi keçən görüşdə G.Məmmədova İndoneziyanın aktiv seysmik zonada yerləşdiyini vurğulayaraq AzMİU-da antiseysmik tikililərin tikilməsi üzrə mütəxəssislərin olduğunu, gələcəkdə qurulucaq əməkdaşlıq əlaqələrində bu məqama diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda səfir rektora hədiyyələr təqdim edib, xatirə şəkilləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti