Bakı. Trend:
Məlum olduğu kimi, sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusi ilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi və peyvəndlənməməsi ölkədə bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnə bilər.
Bu xüsusda, artıq iki ildən çoxdur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən yaradılmış IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması istiqamətində çalışır.
Sterilizasiyası (axtalama və ya qısırlaşdırma) yolu ilə sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi, onların müalicəsi və reabilitasiyası üzrə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında işləmək üçün təcrübəli Türkiyəli baytar həkim Seher Yousefitebaei dəvət olunmuşdur. Seher Yousefitebaei indiyə kimi Mərmərə Adalar Bələdiyyəsinin Heyvan Sağlamlığı Şöbəsidə baytarlıq işləri üzrə müdir vəzifəsində çalışıb, işlədiyi ərəzidə sahibsiz heyvanlarla bağlı problemin hərtərəfli aradan qaldırılmasında, o cümlədən orada olan bütün küçə heyvanlarının sterilizasiya edilməsində həlledici rol oynamışdır.
Hazırda yeni baş baytar həkiminin rəhbərliyi altında mərkəzin klinikasında bacarıqlı yerli kadrlardan ibarət yeni baytar komandası, o cümlədən bir baytar həkim, iki baytar assistenti, eləcə də Azərbaycan Aqrar Universitetinin baytarlıq fakültəsindən olan təcrübəçilər fəaliyyət göstərir. Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi, Mərkəz ölkəmizə könüllü əsaslarla səfər etmiş xarici baytar həkimlərin köməyi ilə mütəmadi kütləvi sterilizasiya kampaniyaları təşkil etmək niyyətindədir.
IDEA Heyvanlara Qayğı Mərkəzi bütün heyvansevərləri və könüllüləri sahibsiz heyvanlara öz yardımını davam etdirməyə, onları pulsuz cərrahiyə və müalicə xidmətləri, sterilizasiya və peyvəndlənmə üçün Mərkəzin klinikasına gətirməyə dəvət edir.