Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunması təklif edilir.
Trend-in məlumatına görə, bu təşəbbüslə Milli Məclisin deputatı Aydın Mirzəzadə "Məktəblinin dostları" layihəsinin hesabat tədbirində çıxış edib.
Onun sözlərinə görə, bu gün şagirdlərin məktəb çantası həqiqətən də ağır olur:
"Buna görə də təklif edərdim ki, hər fənn üzrə tədris ili üzrə ayrıca dərslik olmasın. Şagirdlər üçün rüb üzrə mövzuları əhatə edən dərsliklər hazırlansın. Birinci rüb üçün ayrı, ikinci rüb üçün ayrı dərslik olsun. Belə olduqca şagirdlər birinci rübdə ikinci rübə aid olan mövzuların əhatə olunduğu dərslikləri daşımağa məcbur olmazlar, onların dərslikləri də daha yüngül olar".
Deputat Milli Məclisdə "Məktəblinin dostları" layihəsinin ölkənin bütün məktəblərində tətbiqi məsələsini də qaldıracağını söyləyib.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə bildirib ki, məktəb şagirdləri çantalarına əlavə vəsaitlər qoyurlar. Bu da çantaların ağırlaşmasına səbəb olur.