...

Vidadi Muradov: Bu gün Azərbaycan bütün sahələrdə əsl nümunə gücünə malikdir

Cəmiyyət Materials 9 Sentyabr 2019 12:32 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizi sürətlə inkişaf etdirir.
Vidadi Muradov: Bu gün Azərbaycan bütün sahələrdə əsl nümunə gücünə malikdir

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizi sürətlə inkişaf etdirir. Ulu öndərimizin müəyyənləşdirdiyi strateji hədəflərə doğru irəliləyən Azərbaycan ümummilli liderimizin arzuladığı, görmək istədiyi kimi qurulur. Son illər həyata keçirilən islahatlar, reallaşdırılan iqtisadi layihələr Azərbaycanın yeni inkişaf dövrünə qədəm qoymasına səbəb olub, xalqımızın rifah halını yaxşılaşdırıb. Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə də genişmiqyaslı islahatların aparılmasına imkan verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi, tikinti-quruculuq meydanına çevrilən Azərbaycan dünyada analoqu olmayan misilsiz uğurlar qazanıb.

Bunu Trend-ə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov deyib.

Professor bildirib ki, ölkəmizdə təkcə bir sahədə - qısa müddət ərzində xalçaçılıq sənayesinin yaradılması sahəsində görülən işlər cənab Prezidentin Azərbaycanın gələcəyi naminə necə böyük layihələr həyata keçirdiyinin bariz nümunəsidir.
Xalçaçılığın tariximizin öyrənilməsində, milli mədəniyyətimizin təbliğindəki rolunu, iqtisadiyyatımızın inkişafına verəcəyi töhfələri dərindən təhlil edən dövlət başçısı 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini yaradıb. “Azərxalça”nın bu gün respublikamızın müxtəlif şəhər və rayonlarında 21 filialı fəaliyyət göstərir. Bu xalça fabriklərində 2 min nəfərə yaxın toxucu çalışır. Yaxın zamanlarda toxucuların sayı 3 min nəfərə çatdırılacaqdır.

Xalça emalatxanalarının yaradılması ilə yanaşı, xalça toxunması üçün lazım olan xammalın da ölkəmizdə istehsalı qarşıya qoyulan əsas vəzifələrdən biri idi. Çünki xammal olmasa kütləvi xalça istehsalının həyata keçirilməsində çətinliklər yarana bilərdi. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki tikilib, Naxçıvan şəhərində, Bərdə, Sabirabad, Şabran və Qobustan rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Artıq cari ilin may ayından bu məntəqələrdə yun tədarükü həyata keçirilir. Son illərin ən irimiqyaslı iqtisadi layihələrindən biri olan Yunəyrici-Boyaq Fabrikində isə avadanlıqların quraşdırılmasına başlanılıb. 2020-ci ilin birinci rübündə artıq iplik istehsalına başlanılacaq. Tədarük məntəqələrində və fabrikdə ümumilikdə 250 nəfərə yaxın insan işlə təmin olunacaq. Göründüyü kimi, son illər təkcə bir sahədə 3500-dən çox iş yeri açılıb. Ölkə rəhbəri xalça emalatxanalarını, Yunəyrici-Boyaq Fabrikini, tədarük məntəqələrini yaratmaqla minlərlə toxucunu, fermeri sevindirib. İndi hər bir xalçaçının daimi iş yeri, hər bir fermerin də yunu sata biləcəyi ünvanı var. Dövlət başçısı xalçaçılıq sənayesini inkişaf etdirməklə bir-biri ilə zəncirvari formada bağlı olan bir neçə sahəni dirçəldib, Azərbaycanın qeyri-neft sektoruna, ixrac potensialına sanballı töhfələr verib. Bütün bunların nəticəsi olaraq, xalçalarımız Azərbaycan brendi kimi dünya bazarına çıxarılır. Dünya təcrübəsi göstərir ki, brend məhsullar yüksək gəlirin əldə edilməsinə səbəb olur.

Vidadi Muradov deyib ki, Prezident İlham Əliyevin dəstəyi ilə Mehriban xanım Əliyevanın milli dəyərələrimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldilməsi sahəsində həyata keçirdiyi tədbirlər tarixi irsimizə sahib çıxmağın, onu yaşatmağın, tarixi yaddaşı bərpa etməyin analoqu olmayan nümunəsidir. Məhz Mehriban xanımın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə daha bir uğurlu addımdır.

Azərbaycan xalçaçılıq sənətinə göstərilən diqqət və qayğının daha bir nümunəsi Xalça Muzeyinə milli statusunun verilməsidir. Dövlətimiz Azərbaycan xalçasını həm milli dəyər, həm də iqtisadi faktor kimi qiymətləndirib, onun yaşadılaraq gələcək nəsillərə ötürülməsini, inkişafını təmin edib.

“Təəssüflər olsun ki, nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək hərisliyi xəstəliyinə tutulmuş radikal müxalifət Azərbaycanın bu uğurlarına kölgə salmağa cəhd edir”- deyən Vidadi Muradov bildirib ki, onların bu canfəşanlığının heç bir mənası yoxdur. Belə bir atalar məsəlimiz var: görünən dağa bələdçi lazım deyil. Xalqın gözü tərəzidir. Azərbaycan xalqı kimin kim olduğunu, vaxtilə onu düşdüyü bəlalardan hansı dühanın xilas etdiyini yaxşı bilir. Xalqımız öz dəyişməz yolunu hələ 1993-cü ildə müəyyənləşdirib. Azərbaycan xalqı 2003-cü ildən sonra keçirilən bütün seçkilərdə bu yola sadiq qaldığını nümayiş etdirib, bu gün isə öz Prezidentinin ətrafında sıx birləşib.

Əgər kimlərsə Azərbaycanın inkişafını görmək, vətəndaşların bugünkü hakimiyyət barədə nə düşündüyünü bilmək istəyirsə, biz onları “Azərxalça”nın fabriklərinə, sadə insanlarla, toxucularla görüşə, ünsiyyət qurmağa dəvət edirik. Guya xalqın adından danışanlar gəlib görsünlər ki, Qazaxda, Tovuzda, Ağstafada, Şəmkirdə, Ağdamda, Füzulidə, Goranboyda, Tərtərdə, Kürdəmirdə, Qubada, Xaçmazda, Şabranda, Qəbələdə, İsmayıllıda, Qobustanda, Abşeronda, Nardaranda sadə Azərbaycan insanları Prezidentinin ətrafında necə sıx birləşiblər, Onun yürütdüyü siyasəti necə dəstəkləyirlər və Ondan nə qədər razıdırlar. Sosial şəbəkələrin, digər internet resurslarının yaratdığı imkanlardan gen-bol bəhrələnən bu dil pəhləvanları hər gün dövlətimizin əleyhinə qarayaxma kampaniyası aparır, düşmən dəyirmanına su tökürlər. Hakimiyyətdə olduqları dövrdə ölkəmizi iflic vəziyyətinə salan bu radikallar Azərbaycan xalçaçılıq sənətini də məhv eləmişdilər. Onların dəyərsiz bir əşya kimi heç bir əhəmiyyət vermədiyi xalçanı Prezident İlham Əliyev milli dəyər səviyyəsinə yüksəldib və bu sahənin belə yüksək inkişafını təmin edib.

Bir faktı da deyim ki, xalqımızın tarixini özündə əks etdirən qədim xalçalarımız məhz onların hakimiyyətdə olduğu dövrdə ölkəmizdən çıxarılıb. Biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk ki, indi o xalçaları bir-bir dünyanın müxtəlif ölkələrindən Azərbaycana qaytarır.

Xalqımızın böyük oğlu Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə nümayiş etdirməyi tövsiyə edərək deyirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Bu gün Azərbaycan bütün sahələrdə əsl nümunə gücünə malikdir. Biz hər birimiz ölkəmizin inkişafı, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün əlimizdən gələni əsirgəməməli, bütün sahələrdə nümunə olan Azərbaycanımızın bu imicini qoruyub saxlamalı, ona xələl gətirməyə çalışanlara qarşı isə daim mübarizə aparmalıyıq.

Görkəmli Çin filosofu Konfutsi deyirdi ki, ya bir yol aç, ya bir yol göstər, ya da yoldan çəkil. Azərbaycan xalqı XX əsrin 90-cı illərinin əvvələrində indiki radikal müxalifətin açdığı yolla gedərək böyük bəlalara düçar oldu. Ona görə də xalqımız nə onların açdığı, nə də göstərdiyi yola inanır. Çünki hamı bilir ki, bu yolun sonu uçurumdur. İndi onların bir yolu qalır – yoldan çəkilmək. Azərbaycan xalqına heç olmasa bircə dəfə yaxşılıq etsinlər. Ölkəmizin inkişaf yolundan çəkilsinlər, onun tərəqqisinə mane olmasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti