Bakı. Trend:
BP aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına dəstək verir.
Şirkətdən Trend-ə verilən məlumata görə, dəstək layihəsi aşağıdakılardan ibarətdir:
Hər il aztəminatlı ailələrdən olan 100 nəfər uşaq üçün ali təhsil almaq imkanları;
İstedadlı gənclərin inkişafına töhfə;
İcmaların özlərinə etibarlı gələcək qura bilməsinə dəstək;
Bu gün BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – “Gələcəyini Qur” layihəsinin bu il universitetlərə qəbul imtahanları verib tələbə olmuş 78 nəfər iştirakçısının bu layihədəki nailiyyətlərini qeyd edib.
Bu layihə BP və tərəfdaşlarının qonşuluğumuzdakı icmaların bacarıq və səriştələrini artırmaqla onların davamlı inkişafı üçün imkanlar yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan ali təhsil müəssisələrinin məzunları daxildir.
BP və tərəfdaşları ötən üç il ərzində bu layihəyə dəstək verərək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarındakı icmalarda yaşayan 200-dən çox gəncin bu layihədən yararlanmasına imkan yaradıb. Layihə əvvəlcə Qaradağ rayonundakı icmalar üçün nəzərdə tutulmuşdu. Sonrakı iki il ərzində onun əhatə zonası genişlənərək BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə dörd rayonu da əhatə edib.
Üç mərhələdə 207 nəfər layihə iştirakçısından təxminən 188 nəfəri, ümumilikdə iştirakçıların 91%-i ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Bu təşəbbüsün uğurlu nəticələrinə əsaslanaraq BP və tərəfdaşları layihəni növbəti ildə davam etdirməyi və onu daha da genişləndirərək Hacıqabul rayonunu da əhayə etməyi qərara alıblar.
Proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.
BP və tərəfdaşlarının keçirdiyi tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Biz layihəmizin dəstəyi ilə gələcək karyera yolunu seçmiş bu gənclərin uğurlarından məmnunluq duyuruq. Bu gün onlar təhsil, bilik və inkişafa aparan uzun bir yolun başlanğıcındadırlar. Biz çox ümid edirik ki, bu yol onları inkişaf və peşəkarlıq dünyasına aparıb çıxaracaq və onlara özlərinin uğurlu gələcəyini qurmağa kömək edəcək. Layihənin builki nəticələri də bizi çox ruhlandırır, belə ki, universitetə qəbul imtahanlarında 1 nəfər layihə iştirakçısı 607 bal toplayıb və 16 nəfər iştirakçı isə 500-dən yüksək bal yığıb. Bunlar əlla nəticələrdir. Biz layihədəki bütün iştirakçılara böyük uğurlar diləyirik.”
Layihənin üç mərhələsinin ümumi dəyəri 764,000 AZN (1-ci mərhələ - təxminən 61,000 AZN; 2-ci mərhələ - 402,000 AZN-dən çox və 3-cü mərhələ - təxminən 300,000 AZN) təşkil edir və 1 və 2-ci mərhələlərin hər birinin müddəti 15 aydır və 3-cü mərhələnin müddəti isə 12 aydır.
2019-cu ildə layihə “Build Your Future” LLC şirkəti tərəfindən yerinə yetirilir.
Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.
2019-cu ilin birinci yarısında BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda təkcə sosial investisiya layihələrinə 1,4 milyon ABŞ dollarından çox vəsait xərcləmişlər.