Bakı. Trend:
13 noyabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclası keçirilib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumları, beynəlxalq, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə yanaşı xarici ölkələrin Azarbaycandakı diplomatik nümayəndələri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmizdə miqrasiya sahəsində aparılan islahatlar, miqrantların hüquqlarının təmini vəziyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Müvəkkil E.Süleymanova öz çıxışında qeyd edib ki, dünyanın zəngin, özlərini demokratiyanın beşiyi bəyan etdiyi bəzi dövlətlərdə son illərdə intensivləşmiş miqrant axınlarına qarşı BMT-nin qərarlarına və beynəlxalq hüquqa zidd olaraq qəddar, açıq nifrətin, qeyri-insani rəftarın, əzab və işgəncələrin, islamofobiya və ksenofobiyanın tüğyan etdiyi halda, 30 ildən çox davam edən Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün əhalisi olmağına baxmayaraq, Azərbaycan öz iqtisadi inkişafı, “Doing Business 2019” hesabatı üzrə təkcə 2018-ci ildə 57-ci yerdən 25-ci yerə yüksəlişi, sabitliyi, tolerantlıq və multikulturalizm mühiti ilə cəlbedici olub. O, bu baxımdan çevik prosedurlar əsasında onların hüquqlarının hərtərəfli müdafiəsi, ailə üzvlərinin sosial ehtiyaclarının ödənilməsi, təhsil, sağlamlıq və digər hüquqların həyata keçirilməsində ayrı-seçiliyin yolverilməzliyi prinsipinin təmini və bununla bağlı dövlətlər tərəfindən vahid yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan regionda “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”ya qoşulan ilk ölkələrdən biridir. Konvensiya üzrə götürdüyü öhdəliklərin icrası ilə yanaşı müvafiq Komitənin tövsiyələrinin yerinə yetirilməsinə də xüsusi önəm verərək, ölkədə bir çox müvafiq islahatlar həyata keçirilib, MDB ölkələri sırasında ilk Miqrasiya Məcəlləsi qəbul edilib. Bundan başqa elektron xidmətlər yeni yanaşmalar tətbiq edilməklə inkişaf etdirilmiş, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq genişləndirilmişdir. Bunun bariz nümünəsi kimi ölkəmizin “Nizamlı, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə qlobal kompakt” və “Qaçqınlar üzrə qlobal Kompakt” sənədlərinə qoşulması da qeyd edilib.
Müvəkkil, həmçinin Ombudsman Aparatının Konvensiyanın icrası ilə bağlı Azərbaycan Respublikası Hökumətinin üçüncü dövri hesabatının hazırlanmasında və bununla əlaqədar təşkil edilmiş müzakirələrdə iştirak etdiyini, müvafiq Komitəyə öz paralel hesabatını təqdim etdiyini bildirib.
Ombudsmanın əhalinin həssas qruplarından olan miqrantların hüquqlarının hərtərəfli və səmərəli müdafiəsi, miqrasiya idarəçiliyi prosesinə cəlb olunmuş dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi istiqamətində innovativ təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə digər dövlət qurumları ilə yanaşı Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, eyni zamanda QHT-lərlə sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirdiyi nəzərə çatdırılıb. Belə ki, miqrantların hüquqlarının təmini vəziyyəti, problemləri, ehtiyacları və müraciətləri araşdırılaraq təhlil edilir, əldə edilmiş nəticələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır.
Ombudsmanın digər təklifləri ilə yanaşı əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma müddətinin uzadılması, həmçinin müşayiət olunmayan, valideyn himayəsindən məhrum olmuş və sığınacaq üçün müraciət edən uşaqların sosial müdafiəsi, xüsusi saxlanılma mərkəzlərinə yerləşdirilən əcnəbilərin hüquqi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tövsiyələri nəzərə alınıb.
Beynəlxalq öhdəliklərin səmərəli yerinə yetirilməsi, xarici dövlətlərdə ölkə vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və hüquqlarının müdafiəsini tənzimləyən müqavilə-hüquq bazasının genişləndirilməsi kimi müddəalar ölkə Başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə şəraitin və rejimin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda Ombudsmanın Regional Mərkəzləri də cəlb edilməklə paytaxt və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında əlaqədar dövlət qurumları ilə birgə miqrantların sənədlərinin tanınması, sağlamlığı, zorakılıq, qanunsuz əmək fəaliyyəti və əmək istismarı hallarının yolverilməzliyi və qarşısının alınması, əmək bazarı informasiya sistemləri, readmissiya və insan hüquqları ilə bağlı müxtəlif mövzularda treninqlər təşkil olunub. Həmçinin, sərhəd-keçid məntəqələrində xüsusi hazırlanmış çap vəsaitləri əsasında geniş maarifləndirmə işi aparılıb.
Sığınacaq və miqrasiya məsələləri ilə məşğul olan dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının, o cümlədən peşəkarlıq səviyyəsinin daha da inkişaf etdirilməsi məqsədilə kurslar və treninqlər təşkil olunur, orta və ali təhsil müəssisələrində davamlı olaraq məlumatlandırma işi aparılır.
E.Süleymanova Milli Preventiv Qrupun üzvlərinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinə mütəmadi baxışlar keçirdiyini, orada saxlanılan şəxslərin vəziyyətini, qidalanmasını, tibbi yardım almasını, saxlanılma şəraitini, onlara qarşı rəftarı öyrəndiyini, həmin şəxslərə Müvəkkilin səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərildiyini qeyd edib.
Xüsusi qeyd olunub ki, Ombudsman olaraq ölkə daxilində olan miqrantlarla yanaşı ölkədən gedən Azərbaycan Respublikası vətəndaşları ilə də müntəzəm iş aparılır, bu məqsədlə həm Dövlət Miqrasiya Xidməti, həm də xarici dövlətlərin ombudsmanları ilə, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə yaradılmış əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Belə ki, xarici ölkələrdə vətəndaşlarımızın əmək fəaliyyətinin leqallaşdırılmasına yardım göstərilib, miqrasiya qaydalarının və ona müvafiq normativ-hüquqi aktlarının liberallaşdırılması ilə bağlı təkliflər irəli sürülüb, statuslarının müəyyənləşdirilməsi üçün qeyri-leqal miqrantlara daha çox vaxt verilib, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətləri nəzərə alınır, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərindən olan “ailə birləşməsi” və digər normaları rəhbər tutulub, inzibati qaydada ölkədən çıxarılan şəxslərə qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesi daha çevik həyata keçirilib, deportasiya və ya ölkədən məcburi çıxarılma zamanı zorakılıq hallarının qarşısı alınıb, bu halların aradan qaldırılmasına xidmət edən əhatəli, ardıcıl və sistemli maarifləndirmə tədbirləri davam etdirilir.
Müvəkkil bu istiqamətdə birgə fəaliyyətin inkişafı məqsədilə bir sıra təkliflər səsləndirməklə, müvafiq Komitənin tövsiyələrinin icra mexanizləri barədə biliklərin artırılması, tövsiyələrin yeni yanaşmalar tətbiq edilməklə həyata keçirilməsi və icra vəziyyətinin qiymətləndirilməsi istiqamətində ölkəmizdə daha çox birgə tədbirlərin keçirilməsinin zəruriliyi qeyd edib. Belə tədbirlərin miqrasiya axınının müxtəlif aspektləri, bu proseslərin idarə edilməsi sisteminin, həmçinin ölkədəki qaçqın və məcburi köçkün probleminin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçiriləməsinin vacibliyi bildirilib.
Konfransın keçirildiyi gün sözügedən Komitənin səlahiyyətli üzvləri ilə Ombudsman təsisatında görüş keçirilmiş, təsisatın miqrantların yaş, cins, sağlamlıq vəziyyəti və digər xüsusiyyətləri nəzərə alınmaqla, aid olduqları əhali kateqoriyasına görə hüquqlarının təmini və təbliği sahəsində həyata keçirilən çoxşaxəli fəaliyyət barədə ətraflı məlumat verilib və təcrübə mübadiləsi aparılıb.