...

Ombudsmanın nümayəndəsi İspaniyada beynəlxalq tədbirdə iştirak edib

Cəmiyyət Materials 15 Oktyabr 2019 20:09 (UTC +04:00)
İşçi Qrupunun növbəti iclası 9-11 oktyabrda İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunub.
Ombudsmanın nümayəndəsi İspaniyada beynəlxalq tədbirdə iştirak edib

Bakı. Trend:

Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) 2018-2021-ci illər üçün Strateji Planı üzrə fəaliyyət göstərən “Sığınacaq və Miqrasiya məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası 9-11 oktyabrda İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunub.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə müxtəlif Avropa ölkələrinin ombudsman institutlarının nümayəndələri ilə yanaşı, Avropa Şurası, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və digər beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak ediblər.

Həmin tədbirdə ötən dövrdə görülmüş işlər ümumiləşdirilərək təhlil olunub və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova tədbirdə çıxış edərək, ölkə qanunvericiliyinin beynəlxalq sənədlərə uyğun təkmilləşdirildiyini, bu istiqamətdə innovativ yanaşmalar tətbiq edilməklə tədbirlərin həyata keçirildiyini bildirib.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın 30 ildən çox davam edən etnik təmizləmə siyasəti, nəticədə bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulması hallarının olmasına baxmayaraq, öz iqtisadi inkişafı, sabitliyi, tolerantlıq mühitinə görə ölkəmizə üz tutan miqrantların sayında artım müşahidə olunur.

T.Cahangirova Müvəkkilin çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsinin qayğıya daha çox ehtiyacı olan əhali qruplarının hüquqlarının səmərəli təmin edilməsi, həmçinin qeyri-qanuni miqrasiya, məcburi əmək və insan alverinin qarşısının alınması istiqamətində preventiv tədbirlərin təşkilinə yönəldildiyini bildirib.

Bununla yanaşı, o, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində görülmüş işlər barədə iştirakçılara geniş məlumat verib.

Ombudsmanın nümayəndəsi habelə qeyd edib ki, Müvəkkilin müvafiq dövlət qurumları, xarici Ombudsmanlar, ölkəmizdə və xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərlə sıx əməkdaşlığı çərçivəsində əhalininin məhz bu kateqoriyadan olan şəxslərinin vəziyyəti birgə araşdırılır, yerlərdə mütəmadi görüşlər keçirilir. Nəticədə əcnəbilərin əmək fəaliyyətinin leqallaşdırılmasına, onların sosial ehtiyaclarının ödənilməsinə, təhsil, sağlamlıq və digər hüquqlarının həyata keçirilməsinə yardım göstərilir, vətəndaşsızlıq vəziyyətində yaşayan şəxslərin vətəndaşlıq mənsubiyyəti müəyyən edilir və bu şəxslər qısa vaxt ərzində lazımi sənədlərlə təmin edilir. Habelə, hər bir miqrantın şəxsi və ailə vəziyyəti nəzərə alınır, ümumilikdə, bu şəxslərə qarşı zorakılıq hallarının yolverilməzliyi təbliğ edilir.

Bu əhali qrupunun hüquqlarının təmini vəziyyəti barədə vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə geniş məsləhətləşmələr keçirilir və nəticələr üzrə aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır.

Tədbirdə Müvəkkilin əcnəbilərin qeydiyyat məsələlərinin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və sığınacaq üçün müraciət edən uşaqların sosial müdafiə məsələləri, xüsusi saxlanılma mərkəzlərinə yerləşdirilən əcnəbilərin hüquqi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərinin nəzərə alındığı qeyd edilib. Digər məsələlərlə yanaşı miqrasiya idarəçiliyi proseslərinə cəlb edilmiş dövlət qurumlarının əməkdaşlarının biliklərinin artırılması sahəsində Ombudsmanın səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.

O qeyd edib ki, Ombudsmanın və onun regional mərkəzlərinin cəlb edildiyi, BMT QAK və Beynəlxalq Miqrasiya Təşkilatının ölkə nümayəndəlikləri ilə birgə icra edilən layihələr çərçivəsində bu kateqoriyadan olan şəxslərin hüquqlarının müdafiəsinə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə həsr edilmiş tədbirlər zamanı hədəf qrupları üçün bir neçə əcnəbi dildə hazırlanan hüquqi nəşrlərin paylanması təmin edilir, müxtəlif bölgələrdə məhkəmə, hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları üçün müntəzəm şəkildə treninqlər təşkil edilir.

T.Cahangirova bu sahədə koordinasiya və informasiya mübadiləsinin önəmini, həmçinin qeyri-leqal miqrasiyanın hər bir ölkənin təhlükəsizliyinə birbaşa təsir etməsini nəzərə alaraq, ölkə ərazisinə daxil olan əcnəbilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, sığınacaqla bağlı müraciətin hər birinin hərtərəfli araşdırılıb istiqamətləndirilməsi, sərhəd-keçid məntəqələrində operativliyin təmin edilməsi, eyni zamanda monitorinqlərin nəticələrinə dair qiymətləndirmə və hesabatların bu sahədə inkişafa yönəldilməsi məqsədilə birgə sistemli tədbirlər planının işlənib hazırlanmasını təklif edib.

İşçi Qrupunun iclası çərçivəsində miqrantların, o cümlədən sığınacaq axtaran şəxslərin, müşaiyət olunmayan uşaqların hüquqları və digər mövzular, həmçinin növbəti il hazırlanacaq İşçi Qrupunun geniş hesabatına dair geniş müzakirələr aparılıb.

Tədbir çərçivəsində Qrupun üzvləri Madrid şəhərində yerləşən “Miqrant və qaçqınlara dəstək Mərkəzi”nə birgə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti