Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölümünün səbəbi onun xroniki xəstəliyinin olmasıdır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində bildirilib.
Bildirilib ki, koronavirusa qarşı tətbiq olunan dərmanlar insanın immun sistemini zədələyir və həmin vətəndaşın immun sistemi buna tab gətirə bilməyib:
”Qalan xəstələrin vəziyyəti sabitdir, dəstəkverici müalicə alırlar. Bir xəstənin vəziyyəti nisbətən ağırdır və onun da müalicəsi aparılır, həkimlərin nəzarəti altındadır”.
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.