Bakı. İlhamə İsabalayeva – Trend:
Aprel ayı ərzində 190 manat birdəfəlik vəsait almış işsiz şəxslərin may ayı üçün ödənişləri onların bank hesablarına köçürüləcək. Buna görə də apreldə bu vəsaiti alan şəxslərə bank hesabı açmağı tövsiyə edirik.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, aprel ayında birdəfəlik vəsaitlər üzrə bütün təyinatlar “Azərpoçt”un şöbələri tərəfindən ödənilir:
“Hazırda bunun üçün vətəndaşların hesab nömrəsi açmasına ehtiyac yoxdur. Bu da hazırkı mərhələdə onları mümkün ola biləcək xərclərdən sığortalamaq, eyni zamanda evdən çıxmağa ehtiyac yaratmamaq üçün edilir. Lakin aprel ayında vəsaiti almış hər bir vətəndaşın növbəti ay üçün ödənişi may ayında artıq onların bank hesablarına köçürüləcək. Buna görə də onlar istənilən bir bankda hesab açdırmalıdırlar. Hesab açdıqdan sonra həmin hesab nömrəsinin hər hansı bir yerə təqdim edilməsinə ehtiyac yoxdur. Sistem vasitəsilə ödəniş edilərkən onların bank hesablarının aktiv olduğu müyyən edilərsə, həmin vəsait bank hesablarına köçürüləcək. Vəsaitin köçürülməsi barədə vətəndaşın özünə SMS vasitəsilə də məlumat veriləcək”.