...

Elmira Süleymanova: Pandemiya dövründə ölümlə üz-üzə qalan, həyatın mənasını dərk edən insanların düşüncəsi, həyata baxışı dəyişəcək

Cəmiyyət Materials 24 Aprel 2020 10:33 (UTC +04:00)
Elmira Süleymanova: Pandemiya dövründə ölümlə üz-üzə qalan, həyatın mənasını dərk edən insanların düşüncəsi, həyata baxışı dəyişəcək

Bakı. Orxan Cuvarlı - Trend:

Koronavirus pandemiyası qəfildən, sürətlə, bütün ölkələrdə yayılmaqla, böyük insan tələfatı və ölçüyəgəlməz itkilərlə dünyanı çaşqınlığa və vahiməyə saldı.

Bu barədə qlobal bəlaya çevrilmiş koronavirus pandemiyasıyla mübarizə ilə bağlı bugünkü vəziyyətimiz və gələcəyimiz haqqında düşüncələri və tövsiyələri ilə Azərbaycanın ilk Ombudsmanı, professor Elmira Süleymanova Trend-ə açıqlamasında bildirib.

Professor bildirib ki, bu, hər bir dövlət, xalq, insan üçün ağır imtahan və sınaq oldu:

“Hər bir dövlət bununla bağlı öz tədbirlərini həyata keçirdi. Onların çoxu gecikdiyi və adekvat tədbirlər görə bilmədiyi üçün uğursuz oldu və ağır nəticələr baş verdi. Azərbaycanın bu qlobal və taleyüklü bu bəla ilə tam fərqli mübarizə modeli oldu. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru ölkəmizdə görülən tədbirləri yüksək qiymətləndirdi və örnək kimi göstərdi.
Əvvəldən ölkə başçısı Cənab İlham Əliyevin öz prioritetləri kimi insanların sağlamlığı, həyatı və sosial müdafiəsini müəyyən etdi. Koronavirusla mübarizə bu uğurlu strategiya və konseptual yanaşma üzərində quruldu. Bu istiqamətdə geniş spektrli, kompleks tədbirlər paketləri qəbul olundu. Ölkəmizdə hələ bir nəfərin də yoluxmadığı bir vaxtda qabaqlayıcı tədbirlər görüldü. Həqiqətən də, Azərbaycanda həm virusa yoluxanların sayı, həm də ölüm halları bir çox ölkələrlə müqayisədə nisbətən az oldu.

Prezident İlham Əliyevin çevik siyasəti, cəld və sərt səmərəli, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vaxtında, ehtiyaca uyğun maliyyə vəsaitinin ayrılması, səmərəli icra mexanizmi, nəzarət və monitorinqin təşkili uğura əsas verən səbəblər oldu. Vəziyyətin sonrakı dinamikasında da görülən tədbirlərə görə ölkəmizin koronavirusla mübarizə modeli bir çox dövlətlər tərəfindən ən səmərəli model kimi tanınır və bu təcrübədən faydalanılır. İnanıram ki, bu, sona qədər də belə olacaq.

Hələ ilkin zamanlarda ölkə başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qurumun virusla mübarizənin təşkilində böyük əhəmiyyəti oldu. Qərargahın iş prosesinə bütün aidiyyəti Nazirliklər və dövlət qurumları cəlb olundu. Gərgin, ardıcıl, əlaqələndirilmiş və mərkəzləşdirilmiş fəaliyyət təşkil olundu və günün tələbinə uyğun tədbirlər görüldü. Operativ Qərargah vəziyyətə uyğun olaraq xüsusi karantin rejimi elan etdi və gündə bir neçə dəfə telekanallar vasitəsilə rejimin qaydaları əhaliyə izah edildi. Bu qaydalara əməl olunmasına isə polis və daxili qoşunların əməkdaşları tərəfindən nəzarət olunur. Müntəzəm olaraq vəziyyət müzakirə olunur, bu haqda brifinqlər təşkil edilir və ictimaiyyətə təqdim olunur.

Dövlət tərəfindən daha bir mühüm tədbir Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması oldu. Belə bir fondun yaradılması dünyada ilk təcrübə idi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əməkhaqlarını bu fonda ianə etməsinin ardından dövlət və özəl orqanlar, ayrı-ayrı şəxslər öz imkanları çərçivəsində fonda vəsaitlər köçürdü. İndiyədək fonda 110 milyon manatdan çox vəsait toplanıb. Bu fondun yaradılması maddi əhəmiyyətindən başqa, həm də milli həmrəylik, çətin günlərdə insanların birlik nümayiş etdirərək milli problemlərin həllində dövlətə dəstəyinin və məsuliyyətli yanaşmasının daha bir təzahürü idi. Nazirlər Kabinetinin qərarı ilə fondun fəaliyyətinə İctimai Nəzarət Şurası yaradıldı. Fonda toplanan vəsait əsasən xaricdən müasir tipli tibbi təchizatların, laboratoriyaların, testlərin, infeksiyadan qorunma vasitələrinin alınması, virusa yoluxmuş xəstələrin müalicəsi istiqamətində istifadə olunur.

Ölkəmizdə məcburən evdə qalan işçilərə, işsizlərə, muzdlu əməkçilərə, könüllülərə müxtəlif müavinətlər, maddi yardımlar təmin olunur. Qəhrəman həkimlərimizin əməkhaqqı 3-5, xüsusi karantin rejimi dövründə sosial xidmətlərə qatılan işçilərin maaşları isə bir misli qədər artırıldı. Tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara müxtəlif sosial yardımlar və xidmətlər göstərilir.

Geniş fəaliyyəti olan Heydər Əliyev Fondu, həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Könüllülər hərəkatı müxtəlif aksiyalar təşkil edir. İmkansız ailələrə, tənha ahıllara, əlilliyi olan vətəndaşlara yardımları və sovqatları ilə onları sevindirdi. Fondun təşkil etdiyi qanvermə aksiyası da çox mühüm əhəmiyyətli tədbir oldu. Bir çox insanlar könüllü olaraq bu aksiyaya qoşuldu.

Mövcud tibb müəssisələrinin potensialına əlavə olaraq, ölkədə qısa müddət ərzində koronavirusla mübarizə məqsədilə müasir, 575 çarpayılı və 1500 tibb personalı üçün iş yeri imkanı olan xəstəxana istifadəyə verildi. Eyni zamanda, bu məqsədlə regionları əhatə edəcək daha 10 modul tipli xəstəxanalar sürətlə tikilir və müasir avadanlıqlarla təchiz olunur. Bu xəstəxanalar tezliklə vətəndaşların istifadəsinə veriləcək.

Ölkəmizdə koronavirusla mübarizə məqsədilə vahid proqramlar hazırlanır. Bu proqramların icra prosesinə demək olar ki, bütün dövlət qurumları qatılır. Azərbaycan Prezidentinin ”Biz birlikdə güclüyük!” çağırışı dillərdə dastan oldu. Bu şüar qısa müddət ərzində pandemiya ilə mübarizədə xalqımızın devizinə çevrildi və vətəndaş cəmiyyətinin, böyük hərəkatın özülünü qoydu.

Hərəkatın ən fəal iştirakçıları virusa yoluxmuş insanları müalicə edən, tibbi xidmət göstərən, öz həyatını, ailə üzvlərini hər an yoluxma təhlükəsi ilə üz-üzə qoyan, uzun müddət sevdiklərini, ailə üzvlərini görməyən, fədakar əməyi ilə qəhrəman adını qazanmış həkimlər və tibb işçiləri oldu. Düşünürəm ki, bundan sonra vətəndaşlarımız xarici ölkələrin həkimlərinin yanına getməz. İnsanlarımız hətta ən təhlükəli koronavirus dövründə belə professionallıq, humanizm, fədakarlıq göstərən həkimlərimizə müraciət edərlər. Paytaxtımızın gözəl binalarından birində “Eşq olsun qəhrəman həkimlərimizə” sözlərini hər bir kəs qürurla qarşılayır. Həqiqətən də həkimlərimiz böyük minnətdarlığa və hörmətə layiqdir.

Bu ağır, məsuliyyət tələb edən günlərdə polislər karantin rejimi qaydalarını pozmaq istəyən, vəziyyətin nə qədər təhlükəli olduğunu dərk etməyən vətəndaşları yoluxmadan qorumaq üçün yorulmadan bütün gün çalışır. Onlar hər bir piyada ilə xoş rəftarla, təmkinlə profilaktik söhbətlər aparırlar. Telekanallarda başqa ölkələrin polis əməkdaşlarının karantin qaydalarını pozanlarla necə sərt davrandığının şahidi oluruq. Düşünürəm ki, bu təcrübəmiz də dünyaya yayılmağa layiq olan daha bir örnəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi böyük həcmli işlərini mütəşəkkil, nizamlı təşkil edir və narazılığa yol vermədən yerinə yetirir. Belə xidmətlər göstərən ASAN Xidmət, DOST mərkəzləri də onlayn rejimdə işini davam etdirir və vətəndaşları razı salır.

Yaranmış vəziyyətdə əhali üçün olduqca əhəmiyyətli olan 24 saatlıq psixoloji yardım təşkil olunub. Təhsil Nazirliyinin proqramlarına uyğun, müntəzəm olaraq həm Azərbaycan, həm də rus dillərində orta məktəb şagirdləri üçün onlayn dərslər təşkil edir. Təhsil Nazirliyi “Evdə qal, təhsilsiz qalma”, Gənclər və İdman Nazirliyi “Evdə qal, idmansız qalma”, Mədəniyyət Nazirliyi “Evdə qal, evdə yarat” şüarları ilə fəaliyyətlərini qurub və çoxsaylı tədbirlər həyata keçirib.
Gündəlik proqramlar isə insanlara müntəzəm olaraq rəngarəng verilişlər, həmçinin maarifləndirici, əyləndirici buraxılışlar, maraqlı görüşlər və diskussiyalar təqdim edir. Belə olduğu halda, kiminsə evdə qalmaz əvəzinə, karantin rejimi qaydalarını pozmasını başa düşmək çətindir. Belə insanlar özlərindən əlavə, ailə üzvlərini, təmasda olduqları şəxsləri də virusa yoluxdururlar. Onların məsuliyyətsiz davranışları virusun ömrünü və karantin rejiminin müddətini daha da uzadır. Evdə qalan insanlar virus üçün əlçatmaz olduğunu, yaxın çevrəsini də bu virusdan qoruduğunu dərk etməlidir. Hər bir insan bu dünyaya ölümdən qorunmaq instinkti ilə qoşa gəlir. Odur ki, insanlar bu virusdan qorunmağın onların təbii instinktlərindən qaynaqlandığını başa düşməlidirlər. İnsanlar çalışmalıdırlar ki, yaşadıqları dövr ərzində hörmət, sonrası üçün isə rəhmət qazansın. Həyatın fəlsəfəsi budur. Bunları sosial şəbəkələrdə yalan, şər, böhtan, təhqiramiz ifadələrlə dolu olan xəbərlər yaymaqla insanları çaşdıran, onların narahatlığına, stres keçirməsinə səbəb olan və bununla da dövlətin, xalqın, cəmiyyətin maraqlarına ziyan vuranlar da dərk etməlidir.

Vicdanla, yüksək peşəkarlıqla, məsuliyyətlə və ləyaqətlə vətəndaşlıq borcunu həyata keçirən jurnalistlər ən ağır şəraitdə, faktlar əsasında real məlumatlar toplayır və bu həqiqətləri ictimaiyyətə çatdırır. Belə jurnalistlər də ən böyük hörmətə layiqdirlər. Bu gün biz onları xəstəxanaların palatalarında, koronavirusa yoluxmuş şəxslərdən xüsusi geyimdə müsahibə alarkən, habelə küçələrdə karantin rejimini pozanlarla, buna nəzarət edənlərlə söhbət edərkən görürük. Bu jurnalistlər faktlarla, təsdiqini tapmış məlumatlarla çıxış edirlər, ictimaiyyəti məlumatlandırırlar. Bununla yanaşı, Operativ Qərargah müntəzəm brifinqlərlə rəsmi məlumatları cəmiyyətə çatdırır. Onlar bu məsələdə yeganə etibarlı mənbədirlər.

Prezident İlham Əliyevin qayğısı nəticəsində koronavirusun hökm sürdüyü bir vaxtda əhalinin heç bir qrupu diqqətdən kənarda qalmır. Yüksək risk qrupu olaraq göstərilən ahıllara dövlət və cəmiyyət tərəfindən xüsusi diqqət göstərilir. İlk vaxtlardan əsas tələblərdən biri 65 yaşdan yuxarı olan şəxslərin mütləq şəkildə evdə qalması oldu. Onlara evlərində sosial xidmətlər göstərilir. Belə ağır bir şəraitdə dövlət başçısının yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv etməsi ilə bağlı sərəncamı daha bir humanist akt oldu. Bu da bir həqiqətdir ki, insanların hüquq və azadlıqlarının müdafiə olunması məqsədilə müstəqillik dövründə Azərbaycanda dünyanın heç bir dövlətində olmadığı kimi, 66 əfv sərəncamı imzalandı, 11 amnistiya aktı qəbul olundu. Beləliklə, on minlərlə insan ailələrinə qovuşdu.

Yeri gəlmişkən, belə bir dövrdə Ombudsman Aparatı da yaşlılara, uşaqlara, həssas qruplara maarifləndirmə, xeyriyyəçilik işini davam etdirir. Onlar həmçinin qanvermə aksiyasında da qoşuldular.

Çox mühüm haldır ki, koronavirusla mübarizə dövründə dövlət əhalinin qida bolluğunu, dərman və tibbi ehtiyaclarını, işıq, qaz və su ehtiyaclarını nizamla təmin edib.
Son illərin o cümlədən kadr islahatları çərçivəsində Azərbaycan Prezidenti tərəfindən mükəmməl təhsil alan gənclərin yüksək vəzifələrə təyin olunması, onlara etimad göstərilməsi koronavirusla mübarizə dövründə də müsbət nəticə verib. Dövlətin gənclərə münasibətini, diqqət və qayğısını daha bir faktla göstərmək olar. Karantin dövründə xaricdə təhsil alan minlərlə azərbaycanlı gəncin ölkəyə qaytarılması və karantinə yerləşdirilməsi onların sağlamlığına göstərilən daha bir qayğının təzahürüdür. Onlar ailələri ilə birlikdə bununla bağlı minnətdarlıqlarını ölkə başçısına bildiriblər.

Belə bir gərgin vəziyyətdə, iqtisadiyyatımızın böyük imkanları nəticəsində qısa müddətdə Sumqayıt Kimya Sənaye Parkında qoruyucu maskaların istehsalının başlanmasına və bunların çatışmazlıqları ilə bağlı narahatlıqların aradan qaldırılmasına nail olundu. Dövlətimiz indiyə qədər koronavirusla mübarizə çərçivəsində sosial-iqtisadi yardım və dəstək paketlərinin icrasına 3,5 milyard manatdan çox vəsait ayırıb. Ölkə Prezidenti aprelin 17-də nazirlərin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda bəyan etdi ki, onun üçün ən prioritet məsələ insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir. Ölkə başçısı bu iclasda koronavirusla mübarizədə öz konseptual yanaşmasına uyğun olaraq insanların rifahı üçün əlavə göstərişlər verdi, o cümlədən aztəminatlı ailələrə göstərilən yardımın əhatə dairəsini üç dəfə artırdı. Bu ödənişlər 600 min nəfərə iki ay müddətində veriləcək. Bununla yanaşı, əlavə iş yerlərinin 50 mindən 90 minə çatdırılması tapşırığı verildi.

Hər zaman olduğu kimi, koronavirus dövründə də əhalinin həssas qruplarına müvafiq yardımlar edildi. Bunun nəticəsidir ki, hər gün paytaxtdan və regionlardan Prezident İlham Əliyevin ünvanına minlərlə səmimi minnətdarlıq məktubları göndərilir. Bu məktublar insanların ölkə Prezidentinə olan inamının, etibarının daha bir təzahürüdür. Bu məktublar xalq-iqtidar birliyini bir daha ortaya qoyur.

Ölkəmizdə koronavirusa yoluxma və sağalmaların gündəlik dinamikası onu göstərir ki, Azərbaycan artıq bu ağır imtahandan uğurla çıxmaqdadır. Bu göstəricilər heç bir halda arxayınlıq yaratmamalıdır. Xüsusi karantin rejiminin mayın 4-dək uzadılması daha bir zəruri tədbirdir. Çünki gündəlik yoluxmaların sayı dalğavarı olaraq dəyişir. Bu dinamikanın yenidən mənfiyə doğru dəyişməməsi və virusla mübarizənin sonuna çatmaq üçün vəziyyət sabitləşənə qədər hər birimiz təmkinlə, həmrəy bir şəkildə xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmalıyıq. Biz bu dövrü dözümlə yola verməliyik. Bununla biz normal həyatımıza daha qısa müddət ərzində qayıda bilərik.

Həkimlərimizin tövsiyələrini də unutmayaq ki, karantin rejimi bitdikdən sonra da sanitar-gigiyenik qaydalara riayət etməliyik. Heç kim bu virusdan sığortalanmayıb. Bütün ölkələr bu virusdan az itkilərlə çıxmağın axtarışındadır. Bəşəriyyət tarixində sonsuz müharibələr və pandemiyalar olmayıb. Təbiət insan zəkasından güclü heç nə yaratmayıb. Bu dövrdə alimlər, həkimlər, bioloqlar, virusoloqlar və başqa mütəxəssislərin koronavirusla əlaqəli apardıqları intensiv araşdırmaların nəticəsi olaraq, yaxın zamanlarda virus əleyhinə vaksinlərin, peyvəndlərin tapılmasına ümid çoxdur. Artıq müxtəlif ölkələrdən belə sədalar da eşidilir. Şübhə yoxdur ki, insan koronavirusa da qalib gələcək. Hələlik isə bütün dünya bu virusdan qorunmağın yeganə yolu olan təcrid olunmanı tövsiyə edir. Biz də bu yolla özümüzü və yaxınlarımızı yoluxmadan, ölümdən qorumalıyıq. Unutmayın ki, biz birlikdə güclüyük! Odur ki, hamımız karantin rejiminə ciddi əməl etməli, evdə qalmalıyıq.

Eyni zamanda, artıq dünyanın gələcəyi və postkorona dövrü haqqında müxtəlif mülahizələr irəli sürülür. Belə fikirlər də eşidilir ki, bütün dünya dəyişəcək. Öz ölkəsinin vəziyyətindən, ehtiyacından, təcrübəsindən irəli gələn fikirlər də səsləndirilir ki, məsələn, koronavirusdan sonra iqtisadi, humanitar böhran yaşanacaq. Ölkəmizə gəldikdə isə, ölkə başçımızın rəhbərliyi ilə intensiv, çevik, yeni texnologiyalar tətbiq olunan sənaye, qeyri-neft sektorunun, regionların sosial-iqtisadi inkişaf proqramlarının tətbiqi, çoxsahəli kənd təsərrüfatı, özünüməşğulluq siyasətinin son illərdə sürətlə həyata keçirilməsi nəticəsində Azərbaycan dayanıqlı inkişaf yolunda inamla irəliləyir. Amma düşünürəm ki, koronavirus sindromu, insanlarda qorxu hissinin yaşanması mümkündür. Bunun qarşısını almaq üçün ailə üzvlərinin bir-birinə diqqətli olması, psixoloq xidmətlərinə də müraciət etməsi məsləhətdir. Zənnimcə, pandemiya dövründə ölümlə üz-üzə qalan, həyatın mənasını dərk edən insanların düşüncəsi, həyata baxışı dəyişəcək. İnsanların ailədə, cəmiyyətdə bir-birinə qarşı ünsiyyət münasibətləri də dəyişərək daha səbrli, dözümlü, məsuliyyətli, səxavətli və insanpərvər olacaq. İnanıram ki, dövlətimiz hər zaman olduğu kimi, insan faktorunu əsas tutaraq, bütün istiqamətlərdə sürətlə inkişaf edəcək. Dövlətimiz daha da yüksək zirvələr fəth edərək beynəlxalq miqyasda tutduğu öndərlik mövqeyini daha da möhkəmləndirəcək.

Əminəm ki, torpaqlarımız işğaldan azad olunacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Bununla da Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu şad olacaq.

Hamımızın yadındadır ki, tarixin ən ağır günlərində Ulu Öndərimiz belə demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu, belə oldu, belə də davam edəcək. Odur ki, bu günlərdə biz gələcəyi də düşünməliyik. Virusdan qorunaraq əvvəlki həyatımıza qayıdacağımızı, yeni həvəslə, ideyalarla, enerji ilə gələcək həyatımızı quracağımızı unutmayaq. Artıq darıxdığımız işə, sənətə peşəyə qayıtmaq, yarımçıq qalmış işlərimizi yaradıcılıqla davam etdirmək, ictimai fəallığımızı artıraraq sevincimizi, kədərimizi, uğurlarımızı başqaları ilə bölüşmək, milli adət-ənənələrimizi, mənəviyyatımızı qoruyaraq ahıllara kömək, gənclərə dəstək, uşaqlara qayğı göstərmək və xeyirxahlıqla, səxavətlə ömrümüzü necə sürəcəyimiz haqqında düşünək. Çalışmalıyıq ki, ailələrimiz, övladlarımız, nəvələrimiz, nəticələrimiz sağlam, bilikli, ağıllı, yüksək mənəviyyatlı, vətənpərvər ruhda böyüsünlər.

Ümid edirəm ki, hər birimizin ürəyindəki arzulardan doğan arzuları çin olacaq. Çünki biz buna layiqik. Bütün bunların reallaşması üçün biz bu günlərdə evdə qalmalıyıq.

Bildiyiniz kimi, Bakı Kitab Mərkəzi ilə birlikdə “Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi keçirilir. Düşünürəm ki, müsabiqə evdə qaldığımız bu günlərdə insanlara həm asudə vaxtlarını səmərəli keçirməyə imkan yaradacaq, həm də maddi stimul verəcək. Zənnimcə, bu təşəbbüsümüz yaradıcı ruhlu insanlar üçün də əhəmiyyətlidir.

Son olaraq daha bir vacib məsələyə toxunmaq istəyirəm. Bu gün biz müsəlman aləminin ən əziz aylarından biri olan Ramazan ayının ərəfəsindəyik. Arzulayaq ki, Allah əməlisalehlərin namazlarını, oruclarını, dualarını qəbul etsin. Xalqımızı və dünyamızı koronavirus bəlasından tezliklə qurtarsın. Azərbaycanı, dövlətimizi, xalqımızı qorusun.

Elimizin adətidir ki, ağbirçək sözünü eşidərlər və hörmətlə yanaşarlar. Əgər kimsə bu sözlərimi dərk edərək və tövsiyələrimlə razılaşaraq qərarını, münasibətini, davranışını dəyişsə, evdə qalsa, özünü, xalqımızı, dünyanı koronavirusdan qorusa qabaqcadan ona öz minnətdarlığımı bildirirəm və sağlam, uzun ömür və xoşbəxtlik arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti