Bakı. İlhamə İsabalayeva - Trend:
Koronavirusa yoluxma hallarının sayında kumilyativ artım davam etməkdədir, yoluxanların sayı narahatedicidir.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, yeni yoluxanlarla sağalanlar arasında fərq heç də arzuolunan səviyyədə deyil: “Eyni zamanda, ağır vəziyyətdə olan xəstələrin də sayı artıb. 18-24 may tarixlərində 848 yeni yoluxan olmuşdu. Ondan sonrakı həftə ərzində 1372 yeni yoluxma olub. Həmin müddətdə yoluxanların sayı sağalanların sayından çox olub”.
R.Bayramlı qeyd edib ki, son həftələr ərzində koronavirus testi təkrar pozitiv çıxan xəstələrin sayı çoxalır. Buna görə də sağalan xəstələrin sayı azalır: “Güman edirik ki, virus insandan insana nə qədər çox yoluxursa, o qədər mutasiya edir. Buna görə də müalicəyə tabe olmayan halların sayında artım baş verə bilər”.