...

Yaqub Mahmudov: Heydər Əliyev yeni Azərbaycanın qurucusu, xalqımızın Qurtuluş mübarizəsinin qalibidir

Cəmiyyət Materials 15 İyun 2020 12:27 (UTC +04:00)

Bakı.İlhamə İsabalayeva - Trend:

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev yeni Azərbaycanın qurucusu, xalqımızın Qurtuluş mübarizəsinin qalibidir. Azərbaycanın ən kütləvi və ən müasir siyasi partiyasını - Yeni Azərbaycan Partiyasını o yaradıb. Ömrünün on ili ərzində Heydər Əliyev doğma xalqı üçün ən müasir, demokratik, hüquqi və dünyəvi dövlət qurub. Müstəqil dövlətimiz - Azərbaycan Respublikası Ulu Öndərin şah əsəri və doğma xalqına müqəddəs əmanətidir.

Y.Mahmudov əlavə edib ki, 1990-1993-cü illər Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur: "Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Sovet imperiyasının mərkəzindən idarə olunan xəyanətkar rəhbərlər və onları əvəz edən, dövlət idarəçiliyi təcrübəsi olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman əliyalın xalqın yeganə qələbə ümidi Heydər Əliyev zəkası idi. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının Qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının Qurtuluş mübarizəsi başlandı".

Y.Mahmudov qeyd edib ki, dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra - 1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu.

Tarixçi bildirib ki,Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın Qurtuluş mübarizəsini davam etdirdi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılıb atılması, Naxçıvan “Ali Sovet”inin “Ali Məclis” adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə burada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və qaldırılması, Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olunması, 1990-cı ilin 19-20 yanvar qırğınına siyasi qiymət verilməsi, dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərar çıxarılması, yeni iqtisadi-təsərrüfat sisteminin qurulmasına başlanması, habelə bir çox digər cəsarətli addımlar Naxçıvanı Qurtuluş mücadiləmizin önünə çıxardı:"1992-ci ildə xalqımızın dahi oğlu Heydər Əliyevə qarşı təqiblər və zorakılıqlar kampaniyası keçirilərkən, partiya üzvləri pərən-pərən salınarkən bir ziyalı kimi mən də haqqın müdafiəsinə qalxmış, konkret əməli addımlar atmış və mətbuatda öz mövqeyimi belə bir başlıqla açıq bildirmişdim: “Əgər Yeni Azərbaycan Partiyası elan etdiyi yolla gedərsə, onun tezliklə ən kütləvi partiya olacağına şübhəm yoxdur!” Bu gün mən dərin iftixar hissi keçirirəm ki, ilk üzvlərindən biri olduğum Yeni Azərbaycan Partiyası elan etdiyi yolla getdi, ötən dövr ərzində xalqımızın taleyüklü problemlərinin həllində misilsiz rol oynadı, nəhayət, müasir Azərbaycan cəmiyyətinin aparıcı və istiqamətverici qüvvəsinə çevrildi.

90-cı illərin əvvəlində Zaqatalada, bütün Şəki bölgəsində, o cümlədən doğulduğum Baş Göynük kəndində, Qaxda, Balakəndə, Lənkəranda, Füzulidə, ölkəmizin bütün bölgələrində Azərbaycan dövlətçiliyindən söhbət düşəndə hamı əllərini açaraq tribunaya yaxınlaşıb deyirdi: “Tale Heydər Əliyevi yaşatsın, ona cansağlığı versin, bizi o xilas edəcəkdir”. Mən bütün bunların şəxsən şahidiyəm".

Y.Mahmudov bildirib ki, 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girov götürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. 90-cı illərin əvvəlində Azərbaycanı “prezidentləri qaçıb aradan çıxan dövlət” kimi tanıyırdılar. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi".

Akademik əlavə edib ki, ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi:"Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər".

Y.Mahmudov deyib ki, Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı:"Bax bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın Qurtuluş mübarizəsində həlledici dönüş baş verdi".

Y.Mahmudov deyib ki, müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdan kimi dahi bir strateq olaraq ermənilərin və onların bütün dünyadakı havadarlarının gücünü, ölkəmizin azad yaşamasını istəməyən böyük dövlətlərin planlarını, Azərbaycanımızın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi:"Dərindən ölçüb-biçdi. Götür-qoy etdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu.

Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı. Bu isə xarici dövlətləri, sahibkarları, firmaları, şirkətləri ölkəmizə maliyyə vəsaiti, maya qoymağa həvəsləndirdi. Əvvəllər Azərbaycanda əmin-amanlığın olmayacağından ehtiyat edərək bura vəsait qoymaq istəməyən xarici sahibkarlar, şirkətlər, firmalar ölkəmizə axışmağa başladılar. 1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi imzalandı. Bu tarixi nailiyyət idi. Çünki Xəzərin təkinin və səthinin bölüşdürülməsi ilə bağlı sahilyanı dövlətlər arasındakı problemlərin həll olunmadığı və bu dənizin taleyi ilə bağlı danışıqların bu gün də başa çatmadığı bir tarixi şəraitdə Ulu Öndər dünyanın nəhəng neft şirkətlərini Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə cəlb edə bildi. Bu Heydər Əliyev diplomatiyasının böyük nailiyyəti idi. Bu tarixi nailiyyətin ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi. Ulu Öndərin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı".

Y.Mahmudov deyib ki, bugün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Dünya meydanında söz sahibidir. Olduqca mürəkkəb və dəyişən dünyamızda Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev ölkəmizi böyük müdrikliklə və qətiyyətlə idarə edir, qələbədən qələbəyə qovuşdurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti