Bakı. Elçin Mehdiyev – Trend:
2020-ci ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə məlumat açıqlanıb.
Trend-in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"ında qeyd olunur ki, 2020-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 374,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 7 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. 2020-ci ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 55 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4 faiz artıb.
Cari ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, pomidor, tütün, toyuq əti, alma, toyuq yumurtası, quru süd, qənnadı məhsulu, şərab, tikinti materialı, mühərrik yağı, kosmetik vasitə, sarımsaq, nar şirəsi, uşaq bezi, Naftalan yağı və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 iyul tarixinə kimi (43 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3 milyon ABŞ dolları təşkil edib.