Bakı. İlhamə İsabalayeva - Trend:
Ayın səthində hematitin-dəmirin paslanmasının olmasının Yerdə canlı həyata heç bir təsiri yoxdur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Ayın səthində hematitin-dəmirin paslanmasının aşkarlanması 2008-ci ildə kosmik cihazla aparılan tədqiqatın nəticəsi əsasında məlum olub.
X.Mıkayılov qeyd edib ki, hematitin çoxluğu Ayın Yerə tərəf olan hissəsində aşkarlanıb:
“Ayda dəmirlə zəngin olan dağlar var. Bu paslanmann olması üçün isə orada həm oksigen olmalıdır, həm də su olmalıdır. Məlumdur ki, Ayda oksigen yoxdur. Alimlər müəyyən ediblər ki, Ayın səthi Günəş küləyi nəticəsində hidrogenlə zəngin olur. Hidrogen də paslanmanın qarşısını alır. Onda paslanmanın necə yaranması barədə sual yaranır. Sonradan alimlər belə fikrə gəliblər ki, paslanma Yerin təsiri nəticəsində yarana bilər, amma bunların hamısı təsdiqini tapmayan fikirlərdir".