...

Zibillənən avtomobil yolları - Nəzarət necə olunmalıdır? (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2020 12:00 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda avtomobil yollarının mühafizəsi ilə bağlı qanunvericilikdə kifayət qədər cərimələr var. Amma buna baxmayaraq bu gün avtomobil yollarının zibillənməsi faktlarına kifayət qədər rast gəlirik.

Trend-in məlumatına görə, sürücülər avtomobil yollarının kənarlarına zibil torbaları, boş su qabları, siqaret qabı və sair tullantılar atırlar. Qanunvericiliyə görə, belə hallara yol verən sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimələnməlidir.

Yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalarda bu məsələyə görə məsuliyyət nəzərdə tutulub. Sənədin 352-ci maddəsinə (Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) görə yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və ya qar yığınlarının yaradılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək, hüquqi şəxslər isə min bez yüz manatdan iki min manatadək cərimə olunmalıdır. Lakin bu cür hallara görə çox az sayda sürücülərin cərimələnməsinin şahidi oluruq.

Bu cərimələrin lazımi qaydada icra olunmamasının səbəblərindən biri avtomobil yollarında müşahidələrin zəif olmasıdır. Yəni yollarda bu cür hallara nəzarət edən Dövlət Yol Polisi əməkdaşları yalnız bu cür faktlarla üzləşdyi halda bu hərəkətə yol verən sürücünü cərimələyə bilir. Digər hallarda isə avtomobil yollarına kimin və nə vaxt zibil atdığını müəyyən etmək mümkün olmur.

Ekspertlərin fikrincə, bu prosesin qarşısının alınması üçün avtomobil yollarında 24 saatlıq videomüşahidələr quraşdırılmalı və həmin ərazilər faziləsiz izlənməlidir. Yalnız bu halda avtomobil yollarının kənarına zibil atan şəxslər tapıla bilər. Kamera müşahidəsi mütəmadi nəzarətdə saxlanılmalı və bu cür fakt aşkarlanan kimi, həmin sürücünü idarə etdiyi avtomobil müəyyən eilərək saxlanılmalı və cərimələnməlidir. Video müşahidə aşkaralanan fakt barədə sürücüyə və ya avtomobilə elektron protokol da çıxarıla bilər. Yalnız bu hallarda sürücü özündə məsuliyyət hiss edər və avtomobil yollarına zibil atmaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti