Bakı. Ceyhun Ələkbərov - Trend:
Ermənistanın 30 illik hazırlığı, Dağlıq Qarabağdakı istehkamlar, minalanmış sahələr, qurulmuş tələlər onu deməyə imkan verir ki, ordumuz çox təhlükəli bir şəraitdə döyüşüb.
Bunu Trend-ə açıqlamsında hərbi ekspert Ruslan İmamquliyev deyib. Onun sözlərinə görə, 44 günlük müharibə əsasında Azərbaycanın əldə etdiyi qələbə yekunda bizə bir qədər asan gəlsə də, bu, düşünüldüyü kimi deyil:
“Ərazinin reylefini incələsək, görərik ki, işğaldan azad olunmuş ərazilərin böyük hissəsi dağlıqdır. Bundan əlavə, müharibə soyuq aylarda oldu və əsasən də döyüşlərin ikinci yarısında o bölgələrdə qar, çovğun, yağışlı hava şəraitinin olması oranı bir o qədər də çətin vəziyyətə saldı. Hətta daha dərinlikdə olan ərazilərdə texnikaların keçilməz yerlərində piyada qoşunlarından istifadə edilməsi, xüsusi təyinatlı əməliyyatların aparılması, döyüşün nə qədər çətin olduğunu göstərir”.
R.İmamquliyev qeyd edib ki, döyşün əvvəlindən itkiləri minimum etmək səbəbi ilə daha çox nailiyyət əldə etmək niyyəti kimi yüksək texnologiyalardan istifadə edildi və bu, Azərbaycanın hərb taktikasının bir parçası idi:
“Çünki biz yalnız canlı qüvvəni tətbiq edərək yüksək texnoloji vasitələri istifadə etməmiş olsaydıq, bu gün itkilərimiz çox olardı. Belə əməliyyatlar hərb taktikası nəzəriyyəsi üzrə əks hücum əməliyyatı idi. Düşmən istehkam qurğuları quraraq sanki puskuda durub bizi gözləyirdi və bu şəraitdə hücuma keçən tərəf çox itki verir. Dünyanı məhz bu gün heyrətə gətirən məqamlardan da biri odur ki, Azərbaycan əks hücum əməiyyatları icra edir və daha az itki verir”.
Hərbi ekspert əlavə edib ki, Emənistanın döyüşlərdə itirdiyi maliyyə 4 milyard dollara yaxındır və bunu əks tərəf də etiraf edir:
“Bundan əlavə, Ermənistanın bir çox hərbi texnikaları qənimət olaraq Azərbaycan ordusunun əlinə keçib. Bu döyüşlərdə biz Ali Baş Komandanın ətrafında xalq və ordu olaraq dəmir yumruğa çevrildik. Bunun nəticəsində Ermənistan Ordusunun illərdir formalaşdırdığı mifik gücü darmadağın etdik. Qondarma Dağlıq Qarabağ Respublikası qurmaq istəyən Ermənistan artıq 10 noyabr tarixində üçtərəfli bəyanata, təslim aktına imza atdı. Bəyanatdan sonra da əldə olunmuş uğurlar nəticəsində biz bir sıra əraziləri bir güllə belə atmadan azad etməyə müvəffəq olduq”.