Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının daha da gücləndirilməsini sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının daha da artırılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi olaraq diqqət mərkəzindədir:
“Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilir. Eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2007-ci il 1 yanvar tarixindən şəhid ailəsinə hazırda məbləği 300 manat olan Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
Qeyd etmək istərdim ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır. Ailə başçısını itirməyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 240 manat, hərbi qulluqçuların ailələrinə ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 511 manat təşkil edir. Eyni zamanda, ailə başçısını itirməyə görə ailələrə ödənilən sosial müavinətin orta aylıq məbləği 240 manat təşkil edir.
Bütün bunlarla yanaşı, mənzil təminatı daxil olmaqla fərqli dəstək mexanizmləri icra olunmaqdadır. Qeyd edim ki, şəhid və şəhid ailələrinə xərclənən vəsait icra hakimiyyətlərinin büdcəsindən, pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilir. Hazırda müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici güzəştlər mexanizmi icra olunmaqdadır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa uyğun olaraq, birinci qrup müharibə əlillərinə 8800 manat, ikinci qrup müharibə əlillərinə 6600 manat, üçüncü qrup müharibə əlillərinə 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə əmək pensiyası almaq hüququ olmayan “hərbi xidmət dövründə xəstələnmə”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” və “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qruluşunun müdafiəsi ilə əlaqədar” səbəblərindən əlil olan I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcəəlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində sosial müavinət verilməsi müəyyən olunmuşdur.
Bununla bərabər Azərbaycan Respublikası Prezidentininmüvafiq Fərmanına əsasən I dərəcə əlilliyi olan şəxslərə 250 manat; II dərəcə əlilliyi olan şəxslərə 230 manat; III dərəcə əlilliyi olan şəxslərə 210 manat məbləğində olmaqla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Əlilliyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 261 manat, hərbi qulluqçulara ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 515 manat təşkil edir. Eyni zamanda, müharibə əlilləri üçün pulsuz tibbi müalicə daxil olmaqla fərqli dəstək proqramları icra olunmaqdadır”.