...

20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı

Cəmiyyət Materials 20 Yanvar 2021 13:37 (UTC +04:00)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölümündən keçən illər artıq onun - yaxınlarının yaddaşında 26 yaşlı gənc kimi qalan Yusifin yaşını üstələyib. Yusifin şəhidlik zirvəsinə ucalmasının artıq 31-ci ili anılır.

Lakin yanvarın 20-də yaxınları onun yalnız ölüm gününü deyil, doğum gününü də qeyd edirlər.

Eyni gündə doğulub eyni gündə də şəhid olan Yusif Sadıqovun bacısı Sayalı Sadıqova Trend-ə açıqlamasında bildirib ki, xalqımızın 1988-ci ildən bəri başına gələn faciələr Yusifi rahat buraxmırdı.

Onun sözlərinə görə, 1989-cu ilin 1 dekabr tarixində Ermənistan Ali Soveti "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" haqqında qərar qəbul etdi. Nəticədə Azərbaycanda siyasi vəziyyət gərginləşdi və bu, 1989-cu ilin sonunda İran və Türkiyə ilə sərhədlərdəki tikanlı məftillərin sökülməsi ilə nəticələndi. 1989-cu ilin 31 dekabrında minlərlə insan - qadın və kişi, uşaq, qoca və cavan Ordubaddan Sədərəyədək SSRİ dövlət sərhədinin 167 kilometrlik ərazisi boyunca sərhəd dirəklərinin tikanlı məftillərini sökmüşdü. 1989-cu ilin sonunadək ermənilər tərəfindən yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi:

“Yanvar böhranı nəticə etibarilə respublika hakimiyyət orqanlarının iradəsizliyi və xalqdan ayrı düşməsi, müxalifətin ən fəal hissəsinin avantürizmi, bütün siyasi dayaqlarını itirmiş mərkəzi hakimiyyətin səbatsızlığı nəticəsində baş verdi. Bu böhran həm də müəyyən dairələrin siyasi korluğunun nəticəsi idi. Onlar başa düşmək istəmirdilər ki, siyasi böhranın nə ilə nəticələnməsindən asılı olmayaraq, o, artıq tarixi inkişafın ümumi yönünü dəyişdirə bilməyəcək.

Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu. Hamının səbr kasası dolmuşdu. Yurd-yuva qeyrəti, el-oba isməti milləti ya ölüm, ya qalım məqamına gətirmişdi. Yusif də bir vətəndaş, ziyalı kimi düşünür, yollar axtarırdı. Vətən uğrunda mübarizə başlıca amalına çevrilmişdi”.

Faciənin baş verdiyi günü xatırlayan S.Sadıqova qeyd edib ki, həmin gün yuxuda olan Yusifi güllə səsi oyatdı. Oyandı, dözə bilməyib, küçəyə çıxdı:

Səhəri gün atam şəhid qanından laləzara dönmüş küçə və meydanlarda, xəstəxanalarda, ölüxanalarda qanına qəltan olmuş igidlərin cəsədini gördükcə yüz dəfə ölüb-dirilən, müdhiş gecənin ağır yükü altında qəddi bükülmüş, heydən düşmüş, donuq baxışlarından iztirab tökülən, sifətləri meyit rəngi almış insanlar arasında Yusifi axtarırdı. Yusifin isə ancaq sağ qolu tapıldı... Tankın tırtılları altında kəsilmiş sağ qolu.... Həmin gecə Bakıda dəhşətli qırğın törədildi, qan su yerinə axırdı. Neçə ana övlad, neçə bacı qardaş, neçə körpə ata itirdi o müdhiş gecədə. Başını itirmiş adamlar gecə evdən çıxıb bir daha geri dönməyənlərini axtarırdılar, özü də dirilər yox, ölülər arasında... Həmin gün əzizlərinin meyitini tapanlar Allaha şükür edirdilər. Çünki artıq məlum olmuşdu ki, qaniçən vəhşilər öz cinayətlərinin izini qismən də olsa itirmək üçün yaralıların və şəhidlərin bir hissəsini yük maşınları ilə aradan çıxara bilmişdilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti