Bakı. Trend:
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn yay lektoriyası fəaliyyəti çərvisində Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Çin Xalq Azadlıq Ordusunun yaranmasının 94-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103 illiyinə həsr olunmuş “Azərbaycan və Çinin silahlı qüvvələri: ərazi bütövlüyünün və suverenliyinin keşiyində” mövzusunda mühazirə oxuyub.
R.Abbasov Azərbaycan Respublikasının müdafiəsinin və təhlükəsizliyinin təminatçısı kimi ordumuzun tarixindən söz açaraq, bu gün dünyanın 50 ən güclü orduları sırasında yer aldığını, eyni zamanda regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynadığından danışıb.
R.Abbasov mühazirəsində Müzəffər Ali Baş Komandan - Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə düşmənin işğalında olan tarixi torpaqlarımızı azad etdiyini və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu xüsusilə vurğulayıb.
R. Abbasov iki ölkənin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivlərindən, İpək Yolunun dirçəldilməsində Azərbaycanın geostrateji rolundan, Çin hərbi-sənaye kompleksinin modernləşdirilməsinin, hərbi-siyasi prioritetlərindən dünyanın müasir geosiyasi proseslərində Azərbaycan və Çinin iştirakından danışıb. O, həmçinin Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.
O, milli təhlükəsizlik strategiyasının və ÇXR-ın hərbi strategiyasının əsas prinsipləri, Çin Xalq Azadlıq Ordusunun beynəlxalq əməkdaşlıq, beynəlxalq xilasetmə əməliyyatlarında, humanitar yardımı təmin etmək tədbirlərində və anti-terror hərbi təlimlərində Çin hərbçilərinin iştirakı haqqında ətraflı məlumat verib. Çin də Azərbaycan kimi sülhməramlı missiyaların həyata keçirilməsində BMT-yə dəstək verməkdədir. R.Abbasov həmçinin qeyd edib ki, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının iclasında ÇXR-in sədri, ÇKP MK-nın Baş Katibi Si Cinpin milli müdafiəsinin və Silahlı Qüvvələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb, Silahlı Qüvvələrin COVID-19 ilə mübarizədə rolunu yüksək qiymətləndirib.
R. Abbasov qeyd edib ki, iki ölkə arasındakı hərbi-diplomatik təmaslara Çinin Müdafiə Nazirliyi və digər güc strukturları nümayəndələrinin səfərləri ilə yanaşı, Azərbaycan müdafiə nazirinin ÇXR-in hərbi attaşeləri ilə müntəzəm görüşləri zamanı bölgənin hərbi-siyasi problemləri, iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı dəstəkləyir, Azərbaycan da öz növbəsində “Vahid Çin” siyasətini dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatlarını tanıyır. Azərbaycan Müdafiə Nazirliyi ilə ÇXR arasında ölkəmizə əvəzsiz hərbi yardım göstərilməsinə dair bir sıra müqavilələr imzalanmış və bununla yanaşı, Çin Xalq Azadlıq Ordusunun köməyi ilə 100-dən çox Azərbaycan ordusunun zabiti Çində müvafiq kurslarda təhsil almışdır. Çin, həmçinin Azərbaycanın elmi və qurucu potensialından istifadə edərək, hərbi-texniki sahədə Azərbaycanla əməkdaşlığını inkişaf etdirməkdə, hərbi və ikili istifadə texnologiyalarını tanıtmaqda maraqlıdır.
R.Abbasov, həmçinin qədim Çində hərbi-fəlsəfi düşüncə tarixi, Çin sivilizasiyasının formalaşmasında hərbi doktrinasının rolu, sənəti və hərbi texnologiyaların inkişafına çinlilərin töhfə və orta əsr Çin ordusunun ən əhəmiyyətli döyüşlərindən və Oğuz dastanı "Kitabi Dədə Qorqud"dakı türklərin hərbi sənətinin xüsusiyyətlərindən də söz açıb.
Mühazirə zamanı Çinin ölkəmizdəki səfirliyinin hərbi, hərbi-dəniz və hərbi-hava attaşesi, baş polkovnik Çjan Tsunqonun video müraciəti də səsləndirilib.
Çjan Tsunqo Çin Xalq Azadlıq Ordusunun tarixindən, ölkədə hərbi sahənin prioritetlərindən, milli müdafiə və orduda aparılan modernləşdirmə tədbirlərindən, Azərbaycan ilə əməkdaşlıqdan, perspektiv planlardan söz açıb.
O, ölkələrimiz arasındakı hərbi əməkdaşlığın dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini söyləyib. Çjan Tsunqo Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəhbərliyi ilə iki ölkə arasındakı hərbi əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.