...

“Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” qeyd edilib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2021 21:47 (UTC +04:00)
“Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” qeyd edilib (FOTO)

Bakı. Trend:

Hindistanın Müstəqilliyinin 75-ci ildönümünü qeyd etmək üçün keçirilən bayram tədbirləri çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi 16 sentyabr 2021-ci il tarixində “Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” ilə bağlı tədbir təşkil edib.

Hindistanın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Rauf Hacıyev, millət vəkili cənab Soltan Məmmədov, Ekologiya Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının digər nazirliklərinin yüksək vəzifəli əməkdaşları, ITEC məzunları, Azərbaycandakı Hindistan icma birliklərinin rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Hindistan Səfiri cənab Bavitlunq Vanlalvavna tədbirdə çıxışında ITEC proqramının Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdən alimlərin potensialının artırılması üçün əhəmiyyətini vurğulayıb. O, həmçinin Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə Hindistan Hökuməti tərəfindən “Azadi Ka Amrit Mahotsav” adı altında bayram tədbirlərinin təşkil olunması barədə məlumat verib. Səfir, iki ölkə arasındakı ikitərəfli ticarətin bu ilin ilk yarısında ötən ilə nisbətən 21 faizdən çox artdığını da vurğulayıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Rauf Hacıyev və millət vəkili cənab Soltan Məmmədov tədbirdə çıxış edərək ITEC məzunlarını ITEC təlim kurslarında uğurla iştirak etmələri münasibətilə təbrik ediblər. ITEC məzunları təhsilləri zamanı əldə etdikləri bilikləri öz iş sahələrində istifadə etdiklərini vurğulayaraq Hindistanda keçirilən ITEC təlimləri zamanı yaddaqalan təcrübələrini bölüşüblər.

ITEC Proqramı çərçivəsində Hindistan Hökuməti ölkənin ən yaxşı təhsil müəssisələrində çoxsaylı fənlər üzrə 300-dən çox qısamüddətli və ortamüddətli kurslarda iştirak üçün tam maliyyələşdirilən təqaüdlər təqdim edir. ITEC kurslarına qatılmaq üçün hər il Azərbaycandan Hindistana 20-30 iştirakçı səfər edir. Pandemiya başlayandan bu təlim proqramları onlayn rejimə keçib və son bir ildə e-ITEC proqramlarında Azərbaycanın 90-dan çox hökumət rəsmisi iştirak edib.

25-45 yaş arası Azərbaycan Hökumət rəsmiləri ITEC kurslarına müraciət edə bilərlər. İştirak etmək istəyənlər onlayn ərizə formasını doldurmalı və doldurulmuş formanın bir nüsxəsini əlaqədar Nazirlik vasitəsilə Səfirliyə təqdim etməlidirlər. e-ITEC kursları, Qaydalar və Şərtlər və s. haqqında daha çox məlumatı https://www.itecgoi.in/e-itec saytında əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti