...

Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib

Cəmiyyət Materials 22 Oktyabr 2021 16:16 (UTC +04:00)
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib

Bakı. Humay Ağacanova -Trend:

Elan üzrə 34 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 209 vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçən 1751 namizədlə 2419 müsahibənin keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ən yüksək müsabiqə vəziyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Kompleks Ekoloji Monitoriq İdarəsi, Monitorinq sektoru, aparıcı məsləhətçi ( 1 vakant yer üzrə 184 namizəd), Maliyyə Nazirliyi, Dövlət Xəzinədarlığı Agentliyi, Yerli bölmələr, 10 saylı Xəzinədarlıq idarəsi, Xəzinə əməliyyatları sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 164 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.

Müsahibələrin 1 noyabr 2021-ci il - 12 yanvar 2022-ci il tarixilərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Namizədlərin müsahibədə üzrlü səbəblər olmadan iştirak etməməsi onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutan müsahibə sayında nəzərə alınmayacaq, eyni zamanda müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə geri qaytarılacaqdır.

Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti