...

Koronavirus xəstəsi olan ananın dünyaya gətirdiyi uşaq virusa yoluxa bilərmi?

Cəmiyyət Materials 9 Dekabr 2021 16:06 (UTC +04:00)
Koronavirus xəstəsi olan ananın dünyaya gətirdiyi uşaq virusa yoluxa bilərmi?

Bakı. Fərid Zöhrabov - Trend:

Koronavirus pandemiyası ilə bağlı hamilə qadınlara infeksiyadan qorunmaq xüsusilə vacibdir. Bəs, virus hamilə qadından körpəyə keçə bilərmi?

Bununla bağlı Trend-ə açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, koronavirus digər kəskin respirator viruslar kimi, əsasən, yuxarı və aşağı tənəffüs yollarını zədələyir.

"İnsanlar koronavirusa tənəffüs yolu ilə yoluxduğuna görə virusun hamilə anadan uşağa yoluxma ehtimalı demək olar ki, yoxdur. Azərbaycanda hamilə qadınlarda koronovirusa yoluxma halı qeydə alınıb. Lakin anadan dölə yoluxma hallarına rast gəlinməyib. Bu praktikaya əsasən, koronaviruslu hamilə anadan dölə yoluxma ehtimalı yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda koronavirusa yoluxaraq vəziyyəti kəskin ağırlaşan hamilə qadın və 28 həftəlik doğulan körpəsi uzun mübarizədən sonra həyata qayıdıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayət oğlu deyib.

"Bir ay əvvəl səhhətində kəskin ağırlaşma səbəbindən müxtəlif xəstəxanalara müraciət edilən və hətta özəl xəstəxanaların birində böyük məbləğdə depozit istənilən, ancaq COVID testi müsbət çıxdığına görə imtina verilən ana son anda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gətirilərkən kritik ağır vəziyyətdə olan ana və övladdan yalnız birinin sağ qalma ehtimalı olub. Həmin dövrdə ağır koronavirus keçirən, şok vəziyyətində olan ana süni nəfəs aparatına qoşulub və erkən doğuşa qərar verilib. Olduqca riskli əməliyyat nəticəsində 28 həftəlik qız övladı doğulsa da, körpənin vəziyyəti kritik ağır olub və ağciyərləri açılmayıb. Həkimlər bir müddət körpənin ağciyərlərinin açılmasına çalışıb. Körpə 3 gün ağciyərin süni ventilyasiya aparatında saxlanıldıqdan sonra müsbət dinamika müşahidə edilib və CPAP aparatına qoşulub. 8 gün müddətində bu aparatda qalan körpənin vəziyyəti təxminən 2 həftədən sonra normallaşıb və nazal oksigen terapiyasına keçilib. Hazırda vəziyyəti yaxşıdır, çəkisi bərpa olunur və ana südü ilə qidalanır", - deyə E.Hidayətoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti