...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri artırılıb

Cəmiyyət Materials 17 Mart 2022 16:10 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri artırılıb

Bakı. Trend:

Bildiyimiz kimi, 20.12.2021-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 539-cu maddəsinə dəyişikliklər edilmişdir. Qeyd olunan maddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (“Əmək Müfəttişliyi”) qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə bağlı yaranan inzibati məsuliyyəti tənzimləyir.

Yeni dəyişiklik Əmək Müfəttişliyi üçün əlavə səlahiyyətlər və əmək münasibətlərinin iştirakçıları üçün əlavə məsuliyyət tədbirləri müəyyən edir.

Gəlin, 539-cu maddənin yeni redaksiyada mətni ilə tanış olaq. Dəyişikliklər qalın kursiv formatda göstərilmişdir:

Maddə 539. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi

539.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarın yerinə yetirilməməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

539.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın.

Yeni mətnlə tanış olan zaman aydın olur ki:

  • əvvəlki məzmuna görə Əmək Müfəttişliyi tərəfindən ancaq işçilərin həyat və sağlamlığının təhlükəsizliyi haqda qəbul edilən qərarların icrasının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulurdu;
  • qurumun digər göstərişlərinin icra edilməməsi heç bir məsuliyyətə səbəb olmurdu;
  • indiki dəyişiklik ilə qanundakı bu boşluq aradan qaldırılaraq qurumun icrası məcburi qərarlarının və göstərişlərinin tətbiq dairəsi artırılıb və pozuntu halında yeni cərimələr nəzərdə tutulub.

Bununla bərabər, maddəyə əlavə olunan “Qeyd” hissəsi 539.1-1-ci maddə ilə 192-ci maddə (Əmək qanunvericiliyinin pozulması) arasındakı münasibətləri tənzimləyir və qeyd edilir ki, 539.1-1-ci maddə ilə nəzərdə tutulmuş əməllər o halda inzibati xəta hesab edilir ki, onlar 192-ci maddəyə əsasən inzibati məsuliyyətə səbəb olmasın.

Beləliklə, maddələri müqayisə etdikdə görünür ki, 192-ci maddə daha geniş və konkret pozuntuları əhatə edir. Belə ki, əgər 192-ci maddədə işəgötürənin əməli əmək qanunvericiliyinin tələblərini pozursa, 539.1-1-ci maddədə pozulmuş tələblərin aradan qaldırılması barədə Əmək Müfəttişliyinin imperativ qərar və göstərişləri icra edilmir. Aşağıda maddələrin tətbiqi ilə bağlı praktik misallar verilmişdir:

Misal 1.

İşçi işdən azad edilərkən xitam əsası düzgün seçilməmişdir. Bu halda, işəgötürənin əməli 192.6-cı maddənin “işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi” əsası ilə inzibati xəta hesab ediləcək və bu halda o, 539.1-1-ci maddəyə görə yox, məhz 192-ci maddəyə görə inzibati məsuliyyətə cəlb ediləcək.

Misal 2.

Əmək Müfəttişliyi yoxlamalar zamanı müəyyən etmişdir ki, işəgötürən işçilərlə müddətli əmək müqavilələri bağlayarkən Əmək Məcəlləsinin tələblərinə əməl etməmişdir və Müfəttişlik bununla bağlı işəgötürənə göstəriş vermişdir. Lakin işəgötürən Müfəttişliyin göstərişinə əməl etməmişdir. Bu halda, işəgötürənin əməli 539.1-1-ci maddə üzrə (əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları”) inzibati xəta hesab ediləcək.

Misal 3.

İşəgötürən işçinin məzuniyyət hüququndan istifadə etməsinə icazə verməyərək işçinin məzuniyyət hüquqlarını pozmuşdur. İşəgötürən bu əməlinə görə Əmək Müfəttişliyi tərəfindən 192.5-ci maddə ilə, yəni işçinin məzuniyyət hüquqlarının pozulmasına görə cərimə olunur və müvafiq hüquqların bərpası haqqında ona göstəriş verilir. İşəgötürən həmin göstərişin tələblərini icra etmədiyi təqdirdə 539.1-1-ci maddə ilə inzibati məsuliyyətə cəlb ediləcək.

Yuxarıda yazılanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Əmək Müfəttişliyinin yoxlamalar zamanı 192-ci maddənin əhatə dairəsinə daxil olmayan, lakin 539.1-1-ci maddəsi ilə tənzimlənən məsələlər ilə bağlı qərar və göstərişlərinin icra edilməməsi inzibati məsuliyyətə səbəb ola və işəgötürənlər üçün 1000-2000 AZN məbləğində cərimə olunması ilə nəticələnə bilər.

Bildiyimiz kimi, əksər hallarda işəgötürənlər 192-ci maddədə nəzərdə tutulan hallarla bağlı kadr sənədləşməsi və tənzimləmələrə önəm verirdilər və inzibati məsuliyyət yaratmadığı üçün digər məsələlərə daha az diqqət ayırırdılar.

Hesab edirik ki, yeni dəyişiklik işəgötürənləri bir daha düşündürməli, müvafiq məsələlərin qanunvericiliyin tələblərinə cavab verib-vermədiyi nəzərdən keçirilməli və mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Müəlliflər barədə məlumat:

Hüseyn Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O, müxtəlif profilli şirkətlərdə hüquq və heyətin idarə edilməsi sahəsində 10 ildən çox təcrübəyə malikdir. Bu müddət ərzində dövlət, beynəlxalq və özəl sektorda fəaliyyət göstərmişdir. Hal-hazırda EKVİTA şirkətində Əmək və Miqrasiya hüququ məsələləri üzrə cavabdeh hüquq meneceridir.

EKVİTA 50 nəfərdən artıq peşəkar komandası ilə hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Aktiv müştərilərimiz arasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətləri qeyd edə bilərik. Dövlət layihələri ilə yanaşı, həmçinin, Avropa Birliyi , Ümumdünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak etmişik.

EKVİTA ümumi biznes məsləhət xidmətlərini hüquqi, maliyyə və vergi sahəsində zəngin təcrübə ilə birləşdirən kompleks peşəkar xidmət təqdim edir.

EKVİTA -nın bazardakı aparıcı mövqeyi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti