...

Ombudsman Aparatında tələbə və magistrantların istehsalat və elmi-tədqiqat təcrübəsinin ilk mərhələsinə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2022 16:29 (UTC +04:00)
Ombudsman Aparatında tələbə və magistrantların istehsalat və elmi-tədqiqat təcrübəsinin ilk mərhələsinə yekun vurulub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) gənc mütəxəssislərin insan hüquqları sahəsində təcrübə əldə etməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantların Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçmələrinə şərait yaradılır.

HazırdaBakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti (ADU) və Qərbi Kaspi Universitetindən (QKU) Ombudsman Aparatına daxil olmuş müraciətlər əsasında həmin ali məktəblərin tələbə və magistrantları mərhələli şəkildə istehsalat və elmi-tədqiqat təcrübəsinə cəlb olunublar.

Bütün dünyada olduğu kimi ölkəmizdə də davam edən koronavirus (COVID-19) pandemiyası səbəbindən istehsalat və elmi-tədqiqat təcrübəsinin hibrid formatda təşkil olunması barədə razılıq əldə olunub.

Praktikantlar təcrübə müddətində təsisat haqqında ümumi məlumat əldə edib, giriş olaraq “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu, Ombudsmanın Aparatı və regional mərkəzləri barədə onlayn mühazirələri dinləyiblər. Eyni zamanda “ZOOM” platforması üzərindən təşkil olunan sessiyalar çərçivəsində təsisatın rəhbər vəzifəli şəxsləri tələbə və magistrantlara Müvəkkilin insan hüquqlarının müdafiəsi, həmçinin vətəndaşların müraciətlərinə baxılması qaydaları,informasiya əldə etmək hüququnun müdafiəsi, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq,işgəncələrin qarşısının alınması sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat veriblər.

Daha sonra təsisatın müxtəlif şöbə və sektorlarında əyani şəkildə təcrübələrini davam etdirən tələbə və magistrantlar Ombudsmanın insan hüquqları üzrə ixtisaslaşmış kitabxanası ilə tanış olub, buraxılış işləri və magistrlik dissertasiyalarının yazılması üçün seçilmiş mövzulara uyğun zəruri məlumatlardan faydalanmaq imkanı əldə ediblər.

Təcrübənin yekununda praktikantlara Ombudsman Səbinə Əliyeva tərəfindən xasiyyətnamələr təqdim edilib, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı əməkdaşlığın gələcəkdə müxtəlif formalarda davam etdirilməsi tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti