...

“Köhnə çamadanlar” adlı bədii filmin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 May 2022 18:00 (UTC +04:00)
“Köhnə çamadanlar” adlı bədii filmin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 30-da Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib.

Trend xəbər verir ki, premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər, QHT-nümayəndələri, Vətən müharibəsi iştirakçıları və ssenaridə yer alan hadisələrin şahidləri də iştirak ediblər.

Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadın taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar ekran işində əksini tapıb. Əsas rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları canlandırıb. Böyük Zəfərin debüt filmi nikbin sonluqla yekunlaşır. Burada erməni vandalizminin qurbanına çevrilən minlərlə qəhrəman oğul və qızlarımızın qanının yerdə qalmadığı, onların qisasının alındığı vurğulanır. Qeyd edək ki, filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön cəbhədən gələn müjdəni qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır.

Ekran əsərində İkinci Qarabağ müharibəsi iştirakçıları, Sərhəd qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə olunub.

İkinci Qarabağ müharibəsinin debüt filmini göz yaşları və həyacansız izləmək mümkün olmayıb. Sonsuz alqışlarla qarşılanan filmin təqdimat mərasimində iştirak edən müharibə şahidləri bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoydu, şəhidlərin qisası döyüş meydanında alındı. 44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası, xeyirin şər üzərində qələbəsi günü kimi yaddaşlara yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə Böyük Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu bu tarixi zəfərlə öz gücünü təkcə düşmənə deyil, bütün dünyaya nümayiş etdirdi.

Filmin quruluşçu rejissoru Səidə Haqverdiyeva çıxışında müharibənin ağır günlərinin şahidi olduğunu qeyd edib. O, “Kimi köçkünçülük görüb, kimi həyat yoldaşını, mənim kimi atasını itirib. Bir təsginliyimiz var: biz Zəfər qazanan, güclü ölkənin qadınlarıyıq" deyə bildirib.

Filmlə bağlı təəssüratlarını bölüşən əməkdar artist Gülzar Qurbanova ekran işində əməyi keçən hər kəsə minnətdarlıq edib. "Bu, köhnə çamadanların içində bizim uşaqlığımız, gəncliyimiz, o günlərin həqiqətləri, tarixin bir parçası var.

Sarsıntı və kədərimiz, arzu və xəyallarımızdan yığılan xatirələr var. Azərbaycan qadınının Birinci Qarabağ müharibəsində yaşadıqlarına baxmayaraq, nə qədər güclü olduğunu burada gördük. Çamadanların içərisində olan ümidimiz, inamımız bizi qələbəyə gətirdi. Ağır itkilərə sinə gərən şəhid analarının qarşısında baş əyirəm"deyə aktrisa fikrini tamamlayıb.

Qeyd edək ki, filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata çatan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.2021-ci ilin payızından çəkilişlərinə başlanılan “Köhnə çamadanlar” adlı tammetrajlı bədii film RS Production, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. “OYUN” inklüziv teatr MMC-nin istehsalı filmin baş sponsorları RS Production və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və AK Company-dir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti