Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin Akademiyasının 2021/2022-ci tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq" və “İqtisadiyyat” ixtisaslarının tələbələrinin buraxılış işlərinin, magistratura səviyyəsi üzrə isə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında təşkil olunan müdafiə
prosesləri "Hüquqşünaslıq" ixtisası üzrə Dövlət Gömrük Komitəsinin
sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər
Abdullayevin, “İqtisadiyyat" ixtisası üzrə DAK-ın sədri Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) Ticarət və gömrük işinin
təşkili kafedrasının müdiri, i.e.d., prof. Arif Şəkərəliyevin,
“Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə
ekspertizası” ixtisaslaşması üzrə Bakı Dövlət Universitetinin İnsan
hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, h. ü.
e. d., prof. Əmir Əliyevin, “Gömrük işi” ixtisaslaşması üzrə isə
Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti
general-mayoru İqbaI Babayevin sədrliyi ilə keçirilib.
Müvafiq ixtisaslar üzrə müdafiə iclaslarında çıxış edən
Akademiyanın rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov
komissiya heyətini salamlayaraq, Akademiyanın cari tədris ilində
bakalavr pilləsi üzrə 4-cü, magistratura pilləsi üzrə isə 2-ci
məzun buraxılışını həyata keçirdiyini vurğulayıb. Müdafiə
prosesinin statistik və informativ məlumatlarını iştirakçıların
nəzərinə çatdıran Akademiya rəisi Qulu Novruzov Komissiyanın və
Elmi şuranın işinə uğurlar arzulayıb.
Komissiyanın və ixtisaslaşdırılmış Elmi şuranın sədrləri də iclaslarda çıxış edərək müdafiədə iştirak edən tələbələrə xoş arzularını çatdırıblar.
Sonra tələbələr buraxılış və dissertasiya işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlar vasitəsilə Dövlət Attestasiya Komissiyası və ixtisaslaşdırılmış Elmi şuranın qarşısında çıxış etmiş, daha sonra isə komissiyanın və şura üzvlərinin suallarını cavablandırıblar.
Müdafiə proseslərinin sonunda çıxış edən Akademiyanın rəisi Qulu Novruzov müdafiələrini uğurla yekunlaşdıran məzunları təbrik edərək onların son iki tədris ilinin məhz 44 günlük Vətən Müharibəsində dövlətimizin qalib statusu qazanması sayəsində daha da yadda qalan olduğunu vurğulayıb. Akademiya rəisi gənclərin həyatında qalibiyyət ruhunun həmişə yaşamasını və şəhidlərimizin ruhu qarşısında borc hissinin onları heç vaxt tərk etməməsini diləyərək, müdafiə prosesinin təşkilində əməyi keçən hər kəsə, həmçinin məzunlarla bərabər, onları yetişdirən valideynlərə və müəllimlərə də öz təşəkkürünü bildirib. Qulu Novruzov gənclərə gələcək faəliyyətlərində təhsil aldıqları xüsusi təyinatlı ali təhsil müəssisəsinin adını daim uca tutmaqla daha böyük uğurlara imza atmağı arzu edib.
Komissiya sədrləri və üzvləri yüksək səviyyədə təşkil edilən müdafiə prosesinə görə Akademiya rəhbərliyinə öz təşəkkürlərini bildirərək, məzunlara gələcək fəaliyyətlərində uğurlarının davamlı olmasını diləyiblər.
Məzunlar da öz növbələrində təhsil aldıqları müddətdə onlar üçün yaradılan hər bir şəraitə görə Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər