Bakı. Trend:
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək Zəfər günü şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Bahadurov Anar Süleyman oğlunun 30-cu doğum günü qeyd edilib.
Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində baş tutan tədbirdə
RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini
Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev,
şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və QHT
rəhbərləri iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni oxunub, ümummilli
lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından
keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən
sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Abşeron rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.
Sonra çıxış edən şəhid Anar Bahadurovun atası Süleyman Bahadurov, anası Zeynəb Bahadurova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın qazandığı qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, idiglərimizin qəhrəmanlıqlarından danışıblar.
Şəhid ailələri ölkəmizdə onlara göstərən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Sonda incəsənət nümayəndələrinin və Mədəniyyət Mərkəzinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər vətənə, qələbəyə aid şeirlər səsləndirib.
***
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Abşeron rayon İcra
Hakimiyyətinin və “Ləziz Manqal” restoranının birgə təşkilatçılığı
ilə bir qrup Vətən müharibəsi, eləçədə I Qarabağ Müharibəsi
qaziləri üçün bayram süfrəsi təşkil edib.
Bayram tədbirində Azərbaycan Respublikasının dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Görüşdə Rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov və “Ləziz Manqal” restoranının rəhbəri Əziz Rüstəmov çıxış edərək xalqımızın artıq ikinci ildir Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqat, böyük məmnuniyyət və qürur hissi ilə qeyd etdiyini bildiriblər. Qeyd edilib ki, 44 günlik Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi qələbə qazanıb. Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimiz, sağlamlıqlarını bu yolda qoyan qazilərimiz hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunub.
Daha sonra çıxıç edən qazilər, müharibə iştirakçıları və İctimai Birlik sədirləri qazilərimizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar.
Qazilər göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bayram süfrəsində yerli incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Sonda xatirə şəkili çəkdirilib.