Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriya şöbəsinin həkim-mikrobioloqu Dr.Səbinə İbrahimova “Həkim məsləhəti” rubrikasında “Omikron ştamının yeni "Kraken" adlı subvariantı” barədə ətraflı məlumat verib.
Yüksək yoluxuculuğa malik olan omikron ştamının yeni "Kraken" adlı rekombinant subvariantı Amerikanın alimləri tərəfindən müəyyən edilmişdir. Tərkibində koronavirusun müxtəlif subvariantlarının genetik materialı toplanılıb. Buna görə də, immun sistemi omikron ştamının bu subvariantını digər variantlar kimi tez tanımır, bu da onun yayılmasının səbəbidir. İmmun sisteminin omikronun yeni mutasiyaya uğramış ştamının replikasiyasını dayandırmaq üçün, müdafiə anticisimlərin əmələ gəlməsi üçün müəyyən vaxt tələb olunur.
Yaxın vaxtlarda COVID-19-un əvvəlki formalarına yoluxmuş şəxslər yenidən omikronun bu subvariantına yoluxa bilər. "Kraken" variantın ilk halları 22 oktyabr 2022-ci ildə ABŞ-da aşkarlanıb. Amerikalı tədqiqatçıların fikrincə, virusun yeni ştammı ABŞ-da COVİD-19 infeksiyası hallarının 40%-dən çoxunu təşkil edir. Hazırda "Kraken" ştammı bütün Avropa və Asiyada sürətlə yayılır və çox güman ki, hətta yanvarın sonuna qədər bəlkə bu virus Avropada dominant varianta çevriləcək.
“Kraken" ştammının təhlükəsizliyindən danışarkən qeyd etmək istərdim ki, ilkin məlumatlara görə bu variant digər omikron alt-variantlarından daha təhlükəli olmadığını göstərir. "Kraken" ştammının simptomları əvvəllər məlum olan omikron ştammları kimi simptomlar baxımından mövsümi SARS-a bənzəyir. "Kraken"-da müşaidə olunan siptomlar: hərarətin 38 ° -ə qədər artması, bəzən daha yüksək, burun tıkanıklığı, boğaz ağrısı, öskürək, mialgiya, iştahsızlıq, ishal, zəiflik, baş ağrıları və s.
Qeyd etmək istərdim ki, virusun yeni variantının ortaya çıxması soyuqdəymələrin artması ilə üst-üstə düşdü ki, bu da yoluxmuş insanın immun sisteminə ikiqat güclə mənfi təsir göstərir. Bu qış SARS-CoV-2 və qrip də daxil olmaqla əksər tənəffüs yoluxucu virusların yoluxma nisbəti artıq kifayət qədər yüksəkdir.
Ümumdünya Səhiyyə Təşkilatı və bu sahədəki digər qurumlar yeni alt variantın xəstələrə təsirini qiymətləndirmək üçün infeksiyanın yayılmasını və tibb müəssisələrindən alınan məlumatları diqqətlə izləyirlər. Mütəxəssislərin fikrincə, koronavirusun evolyusiyası dayanmır, buna görə də COVID-19 tezliklə bəşəriyyəti tək qoymayacaq, yəni “Kraken" kimi yeni alt variantların ortaya çıxmağa davam etməkdədir.
Avropanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi bildirir ki, 09.01.23-ci il tarixində "Kraken" subvariantın 4770 nukleotid ardıcılığı koronavirus ştamlarının ən böyük məlumat bazasına olan GISAID-ə (pandemiyaların səbəbi olan qrip və koronavirus viruslarının gen məlumatlarının açıq qlobal elm məlumat bazası) yüklənilmişdir. Onların əksəriyyəti ABŞ (4111) və Böyük Britaniyadan (202) olan subvariantlardır.
Mütəxəssislərin fikrincə, əhalinin immunitetini qorumaq üçün ən son COVID peyvəndini əldə etmək hələ də özünüzü yeni variantlardan qorumağın ən yaxşı yoludur.
SARS-CoV-2 yeni variantlarına yoluxmamaq üçün profilaktik tədbirlərin aparılması tövsiyə olunur:
Böyük yığıncaqlardan əvvəl və ya ağır xəstəlik riski yüksək olan birini görməzdən əvvəl test edin; Qapalı yerlərdə maskalardan istifadə edin; Qapalı olan məkanlarının ventilyasiyasını və dezinfeksiyasını yaxşılaşdırın; Əgər sizdə COVID simptomları varsa, dərhal testdən keçin və ağır xəstəlik riski yüksək olan insanlarla təmasdan çəkinin; Əgər artıq COVID-19-a yoluxmusunuzsa, mümkün qədər tez müalicəyə başlayın və evdə təcrid olun.