...

Lənkəran Mərkəzi Xəstəxanasında ürək-damar əməliyyatı mümkün olacaq

Cəmiyyət Materials 3 Fevral 2023 15:50 (UTC +04:00)
Lənkəran Mərkəzi Xəstəxanasında ürək-damar əməliyyatı mümkün olacaq

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri yaradılıb.

Trend-in məlumatına görə, bu gün Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov yeni şöbələrin açılışında iştirak ediblər.

Tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqindən sonra görülən işlər barədə məlumat verən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev bildirib ki, bir sıra struktur dəyişiklikləri aparılan işlərin əsasını təşkil edib: “2022-ci ildə Lənkəran Müalicə-Diaqnostika Mərkəzi xəstəxanaya birləşdirilib. Əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün bir sıra şöbələr yaradılıb ki, onlardan ən əsasını da hazırda istifadəyə verdiyimiz İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri təşkil edir”.

Direktorun sözlərinə görə, İnvaziv kardiologiya şöbəsi yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub: “Burada 1 cərrahi otaq, 1 texniki otaq, 6 çarpayılıq reanimasiya otağı, sterilizasiya və digər köməkçi sahələr fəaliyyət göstərir. Cərrahi və reanimasiya otaqları müasir havalandırma və istilik sistemləri ilə təmin edilib. Şöbədə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüz aparatı, defibilyator, EXO cihazları mövcuddur”.

Direktor Ürək-damar cərrahiyyəsi şöbəsinin isə 19 palatadan, 2 əməliyyat blokundan, 6 nəfərlik reanimasiya otağından ibarət olduğunu diqqətə çatdırıb.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, əhalinin operativ və keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında yaradılan yeni şöbələrin mühüm rolu olacaqdır: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Bu səbəbdən də Agentlik xəstəxanalarda kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi tədbirlərini prioritetləşdirib. Təsadüfi deyil ki, açılışına qatıldığımız bu şöbələr də Agentliyin dəstəyi ilə yaradılıb. Bu günədək TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi icra olunmurdu. İlk dəfədir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında bu əməliyyatların icrası mümkün olacaq. Cənub bölgəsinin sakinlərinin rayon xəstəxanasında icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi ilə bağlı dəyəri yüksək əməliyyatlarla təmin olunması, onların sağlamlıqla bağlı problemlərinin vaxtında qarşısının alınmasına xidmət edəcək. Qeyd edim ki, 2021 və 2022-ci illər ərzində icbari tibbi sığorta çərçivəsində ürək-damar sistemində aparılan əməliyyat və prosedurların sayı 36 000-dən çox olmuşdur”.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, əvvəllər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi üçün vətəndaşlara müqaviləli tibb müəssisələrinə göndəriş verilirdi: “Artıq xəstəxanada yaradılan hər iki şöbədə ürək-damar xəstəliklərinin müalicəsi, məsələn, aorto-koronar şuntlama əməliyyatı, anadangəlmə ürək qüsurlarının müalicəsi üçün aparılan əməliyyatlar mümkün olacaq. Qeyd edim ki, burada Türkiyədə, İtaliyada, Gürcüstanda və digər xarici ölkələrdə fəaliyyət göstərmiş, eləcə də ixtisasartırma kurslarında iştirak etmiş, paytaxtda müxtəlif özəl tibb müəssisələrində çalışmış uzman kardioloq və ürək-damar cərrahı vətəndaşlara xidmət edəcəklər. Bu bizə dövlət tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməyə və tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə imkan yaradacaq”.

Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti