...

Qaradağda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədi kompozisiya və dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2023 15:30 (UTC +04:00)
Qaradağda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədi kompozisiya və dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

24 fevral 2023-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümünə həsr olunmuş ədəbi-bədi kompozisiya və dəyirmi masa keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavinləri və şöbə müdirləri, rayon icra hakimiyyəti başçısı yanında Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələri iştirak etdilər.

Əvvəl rayon icra hakimiyyətinin başçısı və qonaqlar Heydər Əliyev Mərkəzinin komputerlər otağında Qaradağ gənclərinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya parlamentlərinə yolladıqları müraciətlərlə tanış oldular və gənclərlə söhbət etdilər.
Tədbir Qaradağ rayon 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təqdimatında Xocalı soyqırımına dair rəsm əsərlərinin sərgisinə baxış və ədəbi-bədii kompozisiya ilə başladı.
Dəyirmi masada tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açdı və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxışında qeyd etdi ki, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən, dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılılar qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Yalnız Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.
44 günlük Vətən müharibəsində qazanılan qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalılıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı.
Eyni zamanda qeyd etdi ki, Qaradağ rayonunda Xocalıdan olan 206 vətəndaşımız məskunlaşmışdır. Onlardan 28-i şəhid ailəsidir. Demək olar ki, artıq Qarabağa dönüş başlanılmışdır.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında Azərbaycan xalqının torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutduğunu, onları ehtiramla yad etdiyini bildirdi. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsi olduğunu qeyd etdi.

Tədbirdə şəhid ailəsi Fəridə Cabbarova, Elməddin Həsənov və Elmira Kərimova çıxış edərək, faciə nəticəsində çəkdikləri əzabdan, başlarına gələn müsibətlərdən danışdılar. Acı xatirələr tədbirdə iştirak edən hər kəsi kövrəltdi. Onlara göstərilən diqqət, qayğıya və yaradılan şəraitə görə ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti