Bakı. Trend:
Bölgələrdə uşaq bağçalarının əsaslı təmirə ehtiyacı var.
Trend-in məlumatına görə, bu barədə bu gün Elm və Təhsil Nazirliyi ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, bir çox bölgələrdə isə bağçaların yaradılmasına ehtiyac var.
“Bağçalarda müəyyən mənada bəzən resurs qıtlığı müşahidə olunurdu. Valideynlər çox sıx şəkildə müraciət edirdi ki, bağçaya qəbul çətindir, süründürməçilik olur. Nazirlik olaraq bu kimi problemlərin həlli istiqamətində işlər görüldü və bağçalarda elektron qeydiyyat sistemi işə salındı”,- deyə o əlavə edib.
Qeyd edək ki, 20 dekabr 2021-ci ildə Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. 2022-ci ildə isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.
Sözügedən təhsil müəssisələri 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi.